`İqtisadiyyatımızda neft və qazın payı 30 faizdir` - Prezident (Video)

`İqtisadiyyatımızda neft və qazın payı 30 faizdir` - Prezident (Video)
  10 Oktyabr 2016    Oxunub:2740
““Şahdəniz” yatağının işlənməsi 4 mühüm layihədən biridir. Bu layihələr enerji təhlükəsizliyi üçün çox önəmli layihələrdir”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindəki çıxışında deyib. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi (SGC) icrasında 7 ölkə birləşib: “Dünyanın ən böyük qaz yataqlarından biri - “Şahdəniz” Azərbaycanda yerləşir. Bütün bunları nəzərə alaraq mütləq böyük qaz xətti çəkilməli idi və müxtəlif şirkətlər, müxtəlif ölkələr bu istiqamətdə öz səylərini göstərirdilər. Ancaq bu səylərin heç bir nəticəsi olmamışdır. Yenə də Türkiyə ilə Azərbaycan bu istiqamətdə də öz liderliyini göstərdi və 2012-ci ildə bu gözəl İstanbul şəhərimizdə əziz qardaşım Prezident Ərdoğanla birlikdə TANAP anlaşması imzalanmışdır.

TANAP anlaşması tarixi bir anlaşmadır. Bu, digər önəmli layihələrə təkan verdi. TANAP layihəsi “Cənub” qaz dəhlizinin tərkib hissəsidir. “Cənub” qaz dəhlizi bu gün dünya miqyasında ən böyük enerji layihələrindən biridir. “Cənub” qaz dəhlizinin sərmayə tutumu 45 milyard dollardır və dörd önəmli layihədən ibarətdir. Birincisi, TANAP-dır ki, bizim qazı Gürcüstan-Türkiyə-Yunanıstan sərhədinə çatdırır. Digəri Cənubi Qafqaz qaz kəməridir ki, Azərbaycan qazını Türkiyə sərhədinə gətirir. Üçüncüsü, Trans-Adriatik kəməridir və nəhayət dördüncüsü, “Şahdəniz” qaz yatağının ikinci fazasının işlənməsidir.

Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün ölkələr çalışırlar ki, öz təbii resurslarını müxtəlif yollarla dünya bazarlarına çıxarsınlar. Ancaq təbii qaynaqlarla zəngin olmayan ölkələr isə çalışırlar ki, onlara resurslar müxtəlif yerlərdən gətirilsin. Azərbaycan bu istiqamətdə də önəmli addımlar atmışdır və həm nefti, həm qazı şaxələndirilmiş yollarla dünya bazarlarına çıxarır.
“Cənub” qaz dəhlizinin icrasında artıq 7 ölkə birləşib və gələcəkdə daha bir neçə ölkə bu önəmli layihəyə qoşula bilər.

Bu istiqamətdə apardığımız işlər bizim ölkəmizi gücləndirir. Çünki qeyd etdiyim kimi, biz cəmi 25 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. İqtisadiyyatımızın böyük hissəsi ilk illərdə neftlə, qazla bağlı idi. Bu gün isə biz neftdən və qazdan əldə etdiyimiz mənfəəti iqtisadiyyatımızın digər sektorlarına yatırmaqla ölkəmizin inkişafını dayanıqlı edirik. Bizim iqtisadiyyatımızda neft və qaz hazırda cəmi 30 faiz təşkil edir.

Enerji təhlükəsizliyi məsələləri gələcəkdə də öz həllini tapmalıdır. Təbii qaynaqlarla zəngin olan ölkələr, tranzit ölkələr, istehlakçı ölkələr burada bir komanda kimi fəaliyyət göstərməlidir, heç bir əsassız rəqabətə yol verilməməlidir, sağlam rəqabət aparılmalıdır. Neft-qaz hasil edən və ixrac edən ölkələr arasında daha çox anlaşma olmalıdır. Azərbaycan hər zaman bunun tərəfdarı olmuşdur ki, burada biz xalqlarımızın, ölkələrimizin maraqlarını təmin edə bilək.

Bizim enerji siyasətimiz imkan verdi ki, biz özümüz də xarici ölkələrə sərmayə qoyaq. Müstəqilliyimizin ilk illərində xarici yatırımdan asılı idik. Bu gün biz başqa ölkələrə böyük həcmdə yatırımlar edirik, o cümlədən qardaş Türkiyəyə bizim yatırdığımız və yatıracağımız sərmayə 20 milyard dollara bərabərdir. Bu, bizim iqtisadiyyatımızı, Türkiyə iqtisadiyyatını gücləndirir. Bu, bizim birliyimizi gücləndirir.

Bu gün dünya enerji və enerji təhlükəsizliyi məsələlərini müzakirə edəndə Türkiyəni və Azərbaycanı nəzərə almamaq mümkün deyil. Çünki həm təbii ehtiyatlar, böyük coğrafiya, şaxələndirilmiş nəqliyyat infrastrukturu artıq bizdə var. Biz bunu yaratmışıq və biz öz işimizi bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı mənfəət və maraqlar əsasında qururuq.`.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti