`Bu, kəsilən başların tappıltısı idi` - Edam cəzasının tarixi

`Bu, kəsilən başların tappıltısı idi` - Edam cəzasının tarixi
  10 Oktyabr 2016    Oxunub:20159
Bəhram Çələbi
AzVision.az üçün

Ölüm hökmünə məhkum olunmuşların gözlədiyi ən dəhşətli sınaq heç də hökmü icra edənin atacağı son güllə deyil. Xeyr… Onlar üçün ən dəhşət-lisi məhkumun ölüm kamerasında təkbaşına keçirdiyi son günlərdir.

Bunu bir vaxtlar Peterburqun "Krestı" türməsinin "güllələnmə" blokunda nəzarətçi işləmiş DİN işçilərindən biri öz təcürbəsinə əsaslanaraq təsdiq edib. Yəqin ki, onun sözlərində həqiqət var. Axı bizlərdən çox hər dəqiqə ölümü gözləyən insanlara o daha yaxın olub. Həyatın ən son sınağı olan bu gözləməni hamı layiqincə yaşaya bilmir. İnsan məhz o zaman anlayır ki, artıq həyatının yerdə qalan hissəsini ürəyi didib-parçalayan qorxu və dəhşət hissi ilə tək keçirməlidir. Ölümqabağı əzablar komasına düşən şəxslərə nə iləsə kömək etmək olduqca çətin məsələdir.

Öz xatirələrini paylaşan nəzarətçinin sözünə görə, hökmü belə hallarda xüsusi olaraq çağırılmış DTK-nın xüsusi konvoyiri icra edirdi. "Ölüm mələyi"nin gəlişini gözləyən məhkumlar həyatlarının son günlərini və aylarını təkadamlıq kamerada tam nəzarət altında keçirirdilər. 1956-cı ildə, "Krestı"dan güllələnmə bloku köçürülməmişdən bir qədər əvvəl, ölüm hökmü kəsilmiş son məhkumlardan ikisi yaşlı nəzarətçinin yaddaşında əbədi olaraq iz qoyub gediblər. Onlardan biri, ölüm hökmünə taleyin acı təsadüfü nəticəsində düşərək cəzanı layiqincə qarşılasa da, ölümə həqiqətən layiq olan ikincisinin hərəkətləri isə uzun müddət nəzarətçilərdə ikrah hissi yaradırdı...

...1955-ci ildə hərbi və siyasi hazırlıq əlaçısı, xidməti vəzifəsini Kamenkada keçirən Semyonov məzuniyyətə olarkən küçədə bir qadınla tanış olur. Elə qadının təklifi ilə onun mənzilinə gəlir. Evdə xudmani bir məclis düzəldib yeməyə başlayır və bir azdan gecəni yataqda davam etdirirlər. Elə bu vaxt bayır qapı bərkdən çırpılır. Gözlənilmədən otağa iki sərxoş kişi girir. Əsgərə geyinməyə belə macal vermədən kişilər onun üstünə cumaraq: "Hə, deməli sən bizim qadınlarımızla əylənirsən. Eybi yoxdur, indi də biz səninlə əylənərik",- deyə bağırmağa başlayırlar.

Onlardan biri özünü Semyonovun üstünə atdıqda oğlan "qomik"lərin tələsinə düşdüyünü anlayır. Güc-bəla onun əlindən çıxmağa imkan tapan oğlan stolun üstündəki bıçağı qamarlayaraq, kişiyə dalbadal bir neçə zərbə endirir. İkinci isə, öz növbəsinin çatmasını gözləmədən pəncərədən atlanıb qaçır. Semyonov isə qaçmaq, gizlənmək əvəzinə qadınların çağırdığı milisləri gözləyərək, sakitcə qollarını qandala vurdurur. Lakin məhkəmə "xüsusi qəddarlıqla düşünülmüş qətlə" görə onu ən ağır cəzaya - ölüm hökmünə məhkum edir. Beləcə, "dembel" Semyonov ölüm kamerasına gəlib çıxır.


Yaşlı nəzarətçi onun son günlərini belə xatırlayır: "Çox yaxşı və sakit oğlan idi. Özünü də layiqincə aparırdı. Bir o qədər desək də, əfv olunma barədə məktub yazmaqdan qəti şəkildə imtina etdi. Halbuki xidmət etdiyi ordu rəhbərliyi onu xilas etmək üçün çox çalışdı. Hamımızın ona yazığımız gəlirdi, ancaq heç cür köməklik edə bilmirdik. Bir dəfə mən ona: "Gərək onların hamısını vurub aradan çıxaydın. Görürsən, indi sənə heç kimin ürəyi yanmır",- deyə söyləndim. O, köksünü ötürüb: "Gərək edəydim, ancaq indi gecdir",- dedi. Bir dəqiqə də olsun bekar dayana bilmirdi. Su ilə dolu vedrə, bir də dəsmal verməyimizi xahiş edərək kamerada ideal təmizlik yaratmışdı. Onu hökmü icra etmək üçün aparanda hamımız çox pis olduq..."

Lakin nəzarətçinin nağıl etdiyi ikinci hadisə dörd nəfəri vəhşicəsinə qətlə yetirdiyinə görə güllələnməyə məhkum olunmuş manyak Ohanovun son günləri haqda oldu. Qocaman nəzarətçi indinin özündə də onu xatırlayarkən qəzəbini gizlədə bilmirdi. Ölüm kamerasına gətirilən Ohanovun vicdanında hansı vəhşiliklə törənmiş qətllərin olduğunu bilən nəzarətçilər özləri onu qətlə yetirməyə hazır idilər. Lakin nə etmək olardı, qanun qanundur... Manyak isə bütün günü durmadan əfv olunması haqda xahiş edir, özünü dəliliyə vurur, çörəyi paraşada isladaraq yeyir, dəmir barmaqlıqları gəmirir, kamerada o baş-bu başa iməkləyir, ulayırdı. Lakin nömrələrindən heç birinin keçmədiyini gördükdə bir qədər sakitləşməyə və çiy ət istəməyə başladı. Bütün günü səsini başına ataraq nəzarətçilərə yalvarır, soyuq, mənasız baxışlarını parıldadaraq onlardan təzə ət gətirmələrini istəyirdi. Nəhayət, nəzarətçilərdən biri: "Sənə onsuz da layiq olduğundan artıq yemək verirlər. Vəhşi kimi yaşamısan, heç olmazsa insan kimi ölməyi bacar",- deyə onun üstünə qışqırır. Düz səkkiz ay o, ölüm kamresında oturaraq hökmün icra olunacağı günü gözlədi. Ardınca gələndə isə vəhşi heyvan kimi özünü ora-bura vurmağa, gələnləri cırmaqlamağa, qışqırmağa başladı. Elə o cür də bu dünyanı tərk elədi, özündən sonra kamerada iyrənc üfunət qoxusunu qoyaraq...

Çoxdan o dünyaya vasil olumş bu iki məhkumu xatırlayarkən sonda qo-ca nəzarətçi belə bir fikir söylədi: "Ölüm hökmünə müxtəlif cür yanaş-maq olar, səhv addımdan da bu dünyada heç kim sığortalanmayıb. Ancaq nə qədər ki, Ohanov kimi vəhşilər mövcuddur, demokratiyanın təntənəsi və məhkumlara humanist yanaşma haqda danışmaq hələ ki, tezdir..."

Birinci Pyotr özü beş nəfərin boynunu vurub

Rusiyada on yeddinci əsrin ikinci və on səkkizinci əsrin birinci yarısında qətlə yetirilənlərin sayını dəqiq müəyyənləşdirmək mümkün deyil. Amma Stepan Razin üsyanının yatırdılmasından sonra təkcə Arzamass uyezdində on mindən artıq şəxs öldürülmüşdü. Müasirlərinin yazdığına görə, çar Aleksey Mixayloviçin dövründə bir neçə il ərzində yeddi min nəfər qətlə yetirilmişdi. Hərdən eyni gündə yüz əlli nəfərədək adamı öldürürdülər. Birinji Pyotr zamanında isə elə aylar olurdu ki, min nəfərədək adam ölüm cəzası alırdı. 1698-ci ilin təkcə fevral ayında min yüz altımış altı cani öldürülmüşdü.

Qəribə burasıdır ki, təsvir etdiyimiz cəzalar ictimaiyyətdə elə bir narazılıq doğurmurdu. Professor Piontkovski yazır ki, cəllad peşəsi nəinki ikraha səbəb olmuş, hətta qanunun icraçısı kimi cəmiyyət arasında prestijli sayılırdı. Hərdən cəlladlığı tanınmış xadimlər də öz üzərlərinə götürürdülər. Tarixə Birinci Pyotrun öz əli ilə beş nəfərin boynunu vurması faktı yaxşı məlumdur.

O, 1708-ci ildə knyaz Dolqorukiyə məktubunda yazırdı ki, özün vilayət-vilayət gəzib oğurluq edən şəxsləri qəddar cəzalara məruz qoymalısan. Beləliklə, Pyotr hesab edirdi ki, cəzanın qəddarlığı cinayətin azalmasına səbəb olacaq.



İmperator Anna İoanovnanın dövründə də bu cəzalar çox qəddar bir şəkildə həyata keçirilirdi. Gizli xəfiyyələr cinayətkarların axtarışı ilə ciddi məşğul olur, canilərin sayını həndəsi silsilə ilə artırırdı. Elə o dövrdə də ölüm cəzası ədalətin təntənəsi kimi qəbul edilirdi. Təsəvvür edin ki, bu cəzaya kilsənin tövsiyəsi ilə on iki yaşında uşaq da layiq görülə bilərdi. Qabaqlar mövcjud olan cəzalara həmin dövrdə iri qarmaqla qabırğasından asılaraq ölümə məruz qalanlar da əlavə edilmişdi.

1741-ci ilin 25 noyabrında Rusiya taxt-tacına Pyotrun qızı Birinci Yelizaveta sahib oldu. Həmin dövrdən etibarən cəzalar liberallaşdırılmağa başladı. Deyilənlərə görə, iperatriça taxt-tacı İoan Antonoviçdən zorla alarkən uzun müddət Allaha dua etmiş və and içmişdi ki, hakimiyyəti ələ keçirə bilsə, heç kəsin ölümünə fərman verməyəcək. Fərmanın nəticəsi bu oldu ki, həbsxanalar canilərlə ağzına kimi doldu.

İkinci Yekaterina öz humanistliyinə görə ölüm cəzasını qəbul etməsə də, bəzən kiməsə bu cəzanı vermək üçün prinsiplərindən geri çəkilməli olurdu. Məsələn, 1764-cü ilin 17 avqustunda Yekaterina Smolensk piyada polkunun podporuçiki Vasili Miroviçin şaqqalamaq vasitəsilə qətlə yetirilməsi barədə xüsusi Manifest vermişdi. Podporuçik Şlisselburq qalasında saxlanılan şahzadə İvan Antonoviçin azadlığa çıxarılması və imperator elan edilməsi məqsədilə digər zabitlərlə birlikdə tədbir görürdü.

Daha bir misal. Yemelyan Puqaçov və onun silahdaşlarının başına gətirilənlərin məhz Yekaterina zamanında baş verməsinə adamın inanmağı gəlmir. 1775-ci ilin 10 yanvarında verilmiş fərmanda deyilirdi: "Puqaçovu şaqqalamaq vasitəsilə qətlə yetirməli, başını payaya keçirməli, bədəninin müxtəlif hissələrini şəhərin küçələrində gəzdirməli, sonda isə cəsədin bütün əzalarını bir yerə toplayaraq yandırmalı. Perfiriyevi də Moskvada şaqqalamaq cəzasına məruz qoymalı, Zarubinin isə boynu-u vurub kəlləsini payaya keçirərək camaat arasında gəzdirməli".

Yemelyan Puqaçovun Moskvanın Bolotnı meydanında baş vermiş qətli o vaxt hər şeyi müşahidə edən Andrey Bolotovun xatirələrində bu günümüzə çatıb. Həmin xatirələri sizə təqdim edirik: "Cənab Obuxovla biz camaatın arasından özümüzə yol taparaq düz eşafota şərqdən yaxınlaşa bildik və onun üç sajenliyində dayandıq. Puqaçov məhz bizim durduğumuz yerdə eşafota qalxaraq senatın və məhkəmənin qərarını ayaqüstə dinləməli idi.

Beləliklə, biz hadisələri müşahidə etmək üçün ən əlverişli nöqtədə durmuşduq. Və Puqaçov gətirilənə kimi hər tərəfi yaxşı-yaxşı gözdən keçirdik. Eşafot meydanın ortasında hündürlüyü dörd arşın olan yonulmuş taxtadan dördbucaqlı şəklində qurulmuşdu. Hər tərəfdən taxta məhəccərləri vardı. Eşafota giriş bir tərəfdən pilləkən vasitəsilə idi. Onun tən ortasında üstünə təkər bərkidilmiş tir ucalırdı. Tirin lap üst tərəfində iti dəmir ucluq vardı. Eşafotun ətrafında isə ondan təxminən iyirmi sajen aralı dar ağacları qurulmuşdu. Dar ağaclarının kəndir halqaları və yanındakı pilləkənlər qabaqcadan hazırlanmışdı. Hər dar ağacının yanında artıq cəllad və ölüm cəzasına məhkum edilmişlər dayanmışdılar. Bir neçə nəfər də qandallanaraq eşafotun qabağında uzadılmışdı. Puqaçovu gətirən araba eşafota yaxınlaşan kimi quldurun qollarından yapışıb pillələrlə yuxarı qaldırdılar. Və gətirib düz bizim qabağımızda saxladılar. Və bir anın içində eşafotun üstü çoxlu cəllad və ölümə məhkum edilənlərlə, onların üzərində nəzarəti həyata keçirən pristavlarla doldu. Eşafotun dörd bir tərəfində boyun vurmaq üçün kötüklər qoydular.



Yemelka Puqaçova əlində senatın qərarını tutmuş katib yaxınlaşdı. Bizim düz böyrümüzdə isə ober-polismeyster cənab Arxarov at belində dayanmışdı. Məhkəmənin hökmü oxunmağa başlandı. Amma mənim fikrim hökmdən çox, qulduru seyr etməklə məşğul idi. O, əyninə qoyun dərisindən uzun kürk geyinmişdi, özünü itirmişdi. Tez-tez xaç çəkir, dua edirdi. Onun görkəmi törətdiyi cinayətlərlə qətiyyən uyğun gəlmirdi. Puqaçov Yemelka vəhşiliklər törətmiş quldura deyil, daha çox xırda alverlə məşğul olan möhtəkirə oxşayırdı. Balaca saqqalı vardı. Başının tükləri pərişan idi. O, imperator Üçüncü Pyotra o qədər az bənzəyirdi ki, adam onun imperator olduğuna inanmış kütlənin ağlına şəkk edirdi.

Puqaçovu seyr edə-edə biz arabir eşafotun ətrafındakı dar ağaclarına da nəzər salırdıq. Artıq ölüm cəzasına məhkum edilmiş quldurlar pillələrlə qaldırılaraq boyunlarına kəndir keçirmişdilər. Onları pilləkəndə saxlayan cəlladlar isə quldurları itələyərək cəzanı icra etməyə tamam hazır idilər. Qərara əsasən onların hamısı öz rəisləri ilə eyni saniyədə qətlə yetirilməli idi. Məhz elə buna görə də inanmıram ki, o meydanda kimsə bu quldurların asılmasını müşahidə eləyə. Hamı eşafot üstündə durmuş Puqaçova baxırdı.

Hökm oxunub qurtaran kimi onun əynindən kürkü və köynəyini çıxardılar. Qərara əsasən Puqaçovun əvvəlcə qolları, sonra qıçları, lap axırda isə boynu vurulmalı idi. Xalq arasında elələri vardı ki, həmin an Puqaçovun əfv olunacağı barədə fərmanı gözləyirdilər. Pis adamların hamısı buna ümid edir, yaxşılar isə bundan qorxurdular. Amma ehtiyat etməyə dəyməzdi. Quldurun cinayətləri o qədər çox idi ki, o, heç cür əfv edilə bilməzdi. Elə imperatriça özü də lap əvvəldən bu işə qarışmamağı qərara almış, Puqaçovun taleyini müəyyənləşdirmək hüququnu bütövlüklə senata vermişdi.

Amma bununla bərabər, cəzanın icrası zamanı çox qəribə və gözlənilməz hadisə baş verdi. Hökmə əsasən əvvəlcə ətrafları kəsilməli olan quldurun cəllad ilk növbədə boynunu vurdu. Hər necə olsa da, bu hadisə baş verəndən sonra cəlladın düz yanında dayanmış hansısa məmur onun üstünə bərkdən qışqırdı: "Ay əclaf oğlu! Sən nə etdin?" Onun dalınca isə tələsik əlavə etdi: "Tez ol, əllərini və ayaqlarını da kəs!"

Elə həmin an dörd bir tərəfdən tappıltı qopdu. Bu, kəsilən başların eşafotun üstünə düşərək çıxardığı səslər idi. Bir neçə saniyədən sonra Puqaçovun başını artıq eşafotun ortasındakı tirin dəmir ucluğuna taxmışdılar. Kəsilmiş əlayaqları və qanlı cəsədi isə təkərin üstünə yığılmışdı. Biz özümüzə gələndə artıq asılmaqla ölüm cəzasına məhkum edilənlər kəndirlərdən sallanmışdılar. Meydandan həyəcanlı nidalar yüksəlirdi. Bu görünməmiş hadisəni müşahidə edən camaat öz həyəcanını saxlaya bilmirdi. Biabırçı qanlı cinayətlərə son qoymuş bu edam beləcə başa çatdı.

Bundan sonra Puqaçovun cəsədinin hissələrini şəhərin müxtəlif ucqarlarında gəzdirərək yandırmaq, külünü isə havaya sovurmaq lazım idi".

Bolotovun xatirələrində Puqaçova nifrət aydın sezilir. Bəlkə də elə buna görə o, edamdan qabaq Bolotnı meydanını ağzına kimi doldurmuş kütləyə Puqaçovun müraciəti barədə o, heç nə demir. Bu boşluğu edamın digər şahidi Dmitriyev doldurur: "Manifest oxunandan sonra ruhani ata bir neçə söz deyərək, eşafotdan endi. Onun ardınca Manifesti oxuyan da aşağı düşdü. Bu dəm Puqaçov bir neçə dəfə xaç çəkərək dörd bir tərəfə baş əydi və həyəcanlı səslə bunları dedi: "Bağışla məni, pravoslav xalqı, bütün günahlarımı bağışla".

O, bu sözləri deyən kimi işarə almış cəlladlar Puqaçovun üstünə atılaraq, əynindəki kürkü çıxardılar, moruğu rəngli ipək köynəyini cırdılar. Sonra o, əllərini göyə qaldırıb, başını kötüyün üstünə qoydu. Bir andan sonra Puqaçovun kəlləsi artıq tirin ucunda idi".

Bütün bunlar İkinci Yekaterinanın ölüm cəzasını demək olar ki, qeyri-mümkün edən qanunlarının qüvvədə olduğu zəmanədə baş verib. Puqaçov üsyanını yatırarkən qraf Nikita Panin quldurları tutub təcili qətlə yetirməyi məsləhət görürdü ki, nəbadə imperatriça onların əfv olunması barədə qərar qəbul etməsin.

Amma yenə də ədalət naminə qeyd etmək lazımdır ki, on yeddinci və on səkkizinci əsrlər Rusiyasındakı cəzalar İspan inkvizisiyasındakı dəhşətlərlə heç cür müqayisə edilə bilməz. Professor Sergeyevski qeyd eləyir ki, Rusiyada ölüm cəzaları nə qədər dəhşətli olsa da, insanı həyatdan məhrum etmək üçün Qərbi Avropada edilən kəşflərə çatmaz.

Həmin dövrdə tamamilə başqa cür düşünənlər də çox idi. Məsələn, knyaz Şerbatov cəzaların daha da qəddarlaşdırılmasını istəyirdi. Onun fikrinə görə, cəza nə qədər qəddar olsa, digərlərini cinayət əməlləri törətməkdən daşındıra bilər. Görkəmli rus şairi Jukovski də ölüm cəzasını müdafiə edirdi. İmperator Birinci Aleksandrın dövründə ölüm cəzası iyirmi beş il ərzində cəmi iyirmi dörd dəfə icra olunmuşdu. Onların da əksəriyyəti 1812-ci ildəki müharibənin payına düşür, hökmlər hərbi səhra məhkəmələri tərəfindən çıxarılırdı.

Birinci Nikolayın taxta çıxması isə 1825-ci il dekabr ayının 14-də Senat meydanındakı üsyan, bu üsyanın yatırılması və 5 dekabristin ölüm cəzasına məruz qalması ilə əlamətdar oldu. Bu cəzanı senat deyil, Birinci Nikolay tərəfindən qanunsuz yaradılmış Ali Cinayət Məhkəməsi çıxarmışdı. Hakimləri birbaşa imperatorun özü seçmişdi. Çünki o, senatın belə bir qərar qəbul etməyəcəyini bilirdi. Dekabristlərin məhkəməsi bir çox qanun pozuntuları ilə müşahidə olundu. Otuz altı nəfər ölüm cəzasına məhkum edildi. Cəza növü kimi şaqqalanma seçilmişdi.

Bu qərardan sonra qraf Mordvinov hökmü qanunsuz sayaraq apellyasiya şikayəti tərtib etmişdi. Birinji Nikolay bu şikayətə məhəl qoymasa da, cəmi beş nəfər dekabristə kəsilən cəzanı təsdiq etmişdi.

Qərar qəbul etməmişdən Birinci Nikolayın özü məhkəmə üzvlərinə belə bir tapşırıq vermişdi. Üsyanın rəhbərlərinin nümunəvi, nümayişkəranə ölüm cəzası cəmiyyətin sakitliyini pozanlardan ədalətli qisas olacaq.


Teqlər:





Xəbər lenti