Dəmir yollarmız yenilənir – FOTOLAR

Dəmir yollarmız yenilənir – FOTOLAR
  13 Oktyabr 2016    Oxunub:7626
136 illik fəaliyyət tarixi olan Azərbaycan dəmir yolu nəqliyyatı ölkə iqtisadiyyatının ən önəmli sahələrindən biridir. Fəaliyyətdə olduğu on illlər boyu dəmir yolu ağır sınaqlardan keçib, 2015-ci ilin əvvəlindən isə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Bakı-Sumqayıt sərnişin xəttinin əsaslı təmiri layihəsi dəmir yolunda keyfiyyətli dəyişikliyin başlanğıcı oldu və 63 km uzunluqda olan xəttin əsaslı təmirinə 2015-ci il mart ayının əvvəlində start verilməklə sentyabr ayında başa çatdırıldı. Elə sentyabr ayının12-də Prezident İlham Əliyevin xeyir-duası ilə İsveçrənin “Stadler Rail Group” şirkətindən alınmış KİSS markalı ikimərtəbəli yeni elektrik qatarları istismara buraxıldı. Azərbaycan dəmir yolları üçün tamamilə yenilik olan bu hadisə ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. Hazırda Azərbaycan dəmir yolunda bu tipli qatarların sayı 5 ədəddir.

İlk layihənin uğurla başa çatdırılması dəmir yolunun bütün təsərrüfatlarında əsaslı yeniləşmələrə geniş meydan açdı. Artıq öz funksiyasını itirməkdə olan vaqon təsərrüfatının geniş fəaliyyəti üçün 3 min ədəd müxtəlif təmayüllü yük vaqonunun alınması bu sahənin xarakterini tamamilə dəyişdi. Bu yeniləşməni vaqon təsərrüfatının fəaliyyəti tarixində keyfiyyət sıçrayışı kimi dəyərləndirmək olar.



Bakı-Sumqayıt sərnişin xəttinin istismarından sonra yolların əsaslı təmirinə xüsusi önəm verən dəmir yolu rəhbərliyi Bakı-Böyük Kəsik istiqamətində 330 km yolun əsaslı təmirini nəzərdə tutan ikinci böyük layihənin icrasını reallaşdırdı. Ötən ilin noyabrında başlanan layihə çərçivəsində bu günə qədər 170 km yol əsaslı təmir olunub. O cümlədən, yolların daha etibarlı və sürətli hərəkətə yararlı olması üçün dəmir yolunda ilk dəfə olaraq yoldəyişən qurğuların dəmir beton şpal və tirlər üzərində quraşdırılmasına start verilib. Bu, dayanıqlıq baxımından uzunömürlü və etibarlı, maddi nöqteyi nəzərdən olduqca sərfəlidir.

Onu da qeyd etmək lazımdır ki, əsaslı təmir proseslərinin ehtiyaclarını ödəmək üçün dəmir yolu rəhbərliyi tərəfindən müəssisələrə CSM və USP yol təmiri maşınları, yol döşəyən kranlar, portal platformalar, hoper vaqonlar və bir çox texnika və avadanlıqlar alınıb.



Ölkəmizin və regionun iqtisadi həyatında əhəmiyyətli rol oynayaraq Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının icrasında da tamamlama işləri sürətləndirilib. Bu bağlantı Avropa və Asiya ölkələri arasında iqtisadi münasibətlərin, tranzit yük danışmalarının inkişafında əhəmiyyətli rol oynayacaqdır. İqtisadi münasibətlərin daha intensiv xarakter alması üçün Azərbaycan və İran İslam Respublikası cənub sərhədində 8,3 km yolun tikintisinin başlanması da bu əlaqələrin gələcək uğurlarından xəbər verir. Artıq bu tikinti yekunlaşmaq ərəfəsindədir.

Son dövrdə bir-birinin ardınca uğurlu layihələr həyata keçirən dəmir yolunda daha bir yüksək ictimai əhəmiyyət kəsb edən layihənin icrasına start verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyyə və göstərişinə əsasən yaxın vaxtlarda dəmir yolunda “ASAN xidmət” mərkəzinin tələblərini özündə əks etdirən “ASAN qatar” fəaliyyətə başlayacaq. Bu məqsədlə Bakı vaqon deposunda 3 ədəd xüsusi xidmət vaqonu hazırlanır. İlin sonuna qədər hazır olacaq bu vaqonlar dəmir yolu xətti boyu bütün istiqamətdə hərəkət edəcək, “ASAN xidmət” qaydaları çərçivəsində əhaliyə xidmət göstərəcək.



Göründüyü kimi, dəmir yolu nəqliyyatı son dövrdə yeni və uğurlu islahatlar mərhələsinə qədəm qoymuş, bütün istehsalat sahələri yeniləşməyə istiqamətləndirilmişdir. Cəmiyyətin inzibati binasının, Bakı dəmir yolu vağzalının, Səngəçal istehsalat bazasının əsaslı təmiri, elektrik təchizatı, işarəvermə və rabitə sahalərində aparılan uğurlu islahatlar da məhz burda reallaşan keyfiyyət dəyişikliyinin nəticəsidir.


Teqlər:  





Xəbər lenti