`Gömrük rüsumlarının artırılması stimul yaradır` - Nazir
Daxili bazarın qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Şahin Mustafayev bildirib ki, Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə bir sıra kənd təsərrüfatı və emalı məhsulları, inşaat materialları üzrə idxal gömrük rüsumlarının artırılması yerli istehsalın qorunmasına, istehsalın genişlənməsinə və ixrac imkanlarının artırılmasına əlavə stimul yaradır. Bu sahədə xüsusi əhəmiyyət kəsb edən və oktyabrın 13-dən qüvvəyə minən "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" Qanunun icrası istiqamətində tədbirlər görülür.
Dövlət başçısının tapşırığına əsasən, istehlak bazarında süni qiymət artımına yol verilməməsi üçün tədbirlər davam etdiriləcək, bu sahədə dövlət və ictimai nəzarət gücləndiriləcək, istehlak bazarında tələbatın yerli məhsullar hesabına daha dolğun ödənilməsi və qiymət intizamına əməl olunmasına diqqət daha da artırılacaq. Bu məqsədlə mütəmadi olaraq təhlillər aparılacaq, qiymət dəyişiklikləri baş verən hallarda səbəblər araşdırılacaq, müvafiq tədbirlər görüləcək.
İclasda idxal mallarının yerli istehsalının təşkili üçün tədbirlərin görülməsi, sahibkarlığın təşviq olunması ilə bağlı konkret tapşırıqlar verilib. İstehsalda idxal komponentlərindən istifadənin azaldılması və yerli komplektləşdirici vasitələrdən istifadə olunması məqsədilə yaxın günlərdə yerli mebel istehsalçıları ilə sənaye müəssisələri arasında görüşün təşkili barədə Nazirliyin müvafiq strukturlarına göstəriş verilib.
AzVision.az