Gürcüstan DİN azərbaycanlıların həbsini nə ilə əsaslandırdı?
Gürcüstan DİN-dən APA-ya verilən məlumatda saxlanılan şəxslərin Marneulinin Qızılhacılı kəndində yaradılan 48 nömrəli seçki məntəqəsinin işinə maneəçilik törətdiklərinə və polis qüvvələrinə qarşı zor tətbiq etdiklərinə, onları daş-qalaq etdiklərinə və qarşıdurma yaratdıqlarına görə həbs olunduğu bildirilib. DİN-dən verilən məlumatda Marneuli RPİ-nin əməkdaşlarının qarşıdurmada ciddi xəsarət aldıqları da bildirilib. Oktyabrın 8-də hadisədən xəbər tutan Gürcüstanın baş naziri xəsarət alanlara baş çəkib.
Bu gün aksiyada iştirak edən saxlanılan şəxslərin qohum-əqrəbaları isə maskalı xüsusi təyinatlıların Qızılhacılı kəndindəki evlərə gecə saatlarında qəflətən girdiklərini və azərbaycanlı gənclərə xəsarət yetirdiklərini bildiriblər. Sakinlər evlərdən qızıl-zinət əşyalarının da yoxa çıxdığını da iddia edirlər.
Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizədliyi irəli sürülən Əhməd İmamquliyev jurnalistlərə açıqlamasında vəziyyətə nəzarət olunduğunu və sonadək saxlanılan şəxsləri müdafiə edəcəklərini bildirib: “Xüsusi təyinatlılar sanki terrorçuları həbs edirdilər. Gənclər seçkilərdə iştirak edənlərdən biridir, təsadüfən qarşıdurma yaranan zaman seçki məntəqəsinin ərazisində olublar. Oktyabrın 8-də 48 nömrəli seçki məntəqəsi yerləşən Qızılhacılı kənd sakinlərinin hamısı baş verənlərlə bağlı istintaqa açıqlama verməyə hazır idilər. Lakin onları dinləyən olmadı”.
Ə. İmamquliyev baş verən hadisəyə təəssüf etdiyini bildirib: “Bu gənclər azad olmayanadək biz buradan getməyəcəyik və qanun çərçivəsində sonuncu addımlarımızı atacağıq ki, saxlanılan gənclər ailələrinə qayıtsınlar və qanunu pozanların hamısı həbs olunsunlar. Biz qanun pozucularının hamısını tanıyırıq”, - deyə deputatlığa namizəd qeyd edib.
“Burçuladze-Dövlət xalq üçün” partiyasından deputatlığa namizədliyi irəli sürülən İsrafil Bayramov saxlanılan şəxslərlə bağlı Kvemo Kartli bölgə qubernatoru Paata Xizanaşvili ilə görüşdüklərini bildirib: “Qubernator bizə bildirdi ki, baş verən hadisə ilə ciddi məşğul olacaq və günahsız olan heç kim həbs edilməyəcək. Qubernator saxlanılan gənclərin azadlığa çıxmasına kömək edəcəyinə söz verib”, - deyə İ. Bayramov vurğulayıb.
Qeyd edək ki, DİN tərəfindən keçirilən brifinqdə saxlanılan azərbaycanlı gənclərin Rustavi şəhər məhkəməsinin Gürcüstan CM-nin 163 və 353-cü maddələrinə əsasən verdiyi qərar əsasında həbs olunduğu bildirilib.
Bundan başqa, MSK-nın qərarına əsasən, 48 nömrəli seçki məntəqəsində proporsional və majoritar sistemi üzrə keçirilmiş seçkilərin nəticələri ləğv olunub.
Əhməd İmamquliyev oktyabrın 22-də Qızılhacılı kəndindəki 48 nömrəli seçki məntəqəsində təkrar seçkilər keçiriləcəyini bildirib.
AzVision.az
Teqlər: