Ölkə başçısı Ağstafada açılışlar etdi - Fotolar

Ölkə başçısı Ağstafada açılışlar etdi - Fotolar
  19 Oktyabr 2016    Oxunub:6546
Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağstafa rayonuna səfəri çərçivəsində “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış “Modern” mebel fabrikinin açılışında iştirak edib.
Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir, yeni-yeni sənaye və emal müəssisələri yaradılır. Görülən bu işlər nəticəsində qeyri-neft sektorunun çəkisi və rolu son illərdə daha da artıb, yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkə sənayesində ənənəvi sahələr genişlənməklə yanaşı, digər müasir sənaye sahələri yaradılıb. Ağstafa rayonunda “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində “Modern” mebel fabrikinin yaradılması bunu bir daha təsdiqləyir.



Dövlətimizin başçısının müəyyən etdiyi sənayeləşmə siyasətinə uyğun olaraq həyata keçirilən tədbirlər nəticəsində son dövrlərdə yeni istehsal sahələrinin yaradılması ümumilikdə Azərbaycanın ixrac potensialına da müsbət təsir edir. Bu cür müəssisələrin istifadəyə verilməsi, onların ən müasir avadanlıqla təchiz edilməsi ölkəmizdə sənaye sahəsinin inkişafına əhəmiyyətli dərəcədə töhfə verir, daxili bazarın tələbatını ödəmək baxımından müstəsna əhəmiyyət daşıyır. Qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsi istiqamətində görülən işlər həm də yüzlərlə yeni iş yerinin açılmasına geniş imkan yaradır. Belə istehsal sahələrinin yaradılması həm də onu göstərir ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq ölkəmizin sənaye potensialının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər uğurla davam edir.



Dövlətimizin başçısı əvvəlcə “Saloğlu” mebel fabrikinin məhsullarına baxdı, müəssisənin yeni layihələri ilə tanış oldu. Daha sonra Prezident İlham Əliyev “Modern” mebel fabrikini işə saldı. Azərbaycan Prezidentinə yeni fabrik barədə məlumat verildi. Bildirildi ki, fabrikin inşasına 2015-ci ilin dekabrında başlanılıb. İki hektar ərazisi olan fabrik 7 istehsal sahəsindən ibarətdir. Ağac yonqarı lövhələrinin və laminatların kəsilməsi və quraşdırılması, mebellər üçün metal hissələrin və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkasların, dəri və parça üzlüklərin, döşəklərin, yataq və qonaq otaqları üçün mebel dəstlərinin istehsalı sahələri ən müasir səviyyədə qurulub. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Burada 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub. Müəssisənin texniki imkanları yüksək səviyyəli məhsul istehsal etməyə imkan verir.



Fabrikin məhsulları keyfiyyəti ilə seçilir, ölkəmizdə və xaricdə böyük maraqla qarşılanır. Bu cür müəssisənin istifadəyə verilməsi yalnız Ağstafa rayonu deyil, ümumilikdə, regionun iqtisadi inkişafına mühüm töhfə verir. Sonra Prezident İlham Əliyevə “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılacaq “Venzana” mebel fabriki barədə məlumat verildi. Bu mebel fabriki 4 istehsal sahəsindən ibarət olacaq. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Almaniyaya, Belçikaya, Fransaya, Hollandiyaya, İtaliyaya, İspaniyaya və İsveçə ixracı nəzərdə tutulub. İşçilərin istirahəti, onların məişət şəraitinin yaxşılaşdırılması üçün burada körpələr evi-uşaq bağçasının, əyləncə və ticarət mərkəzlərinin inşası nəzərdə tutulub. Bundan başqa, ərazidə mebel mərkəzi ilə yanaşı, “Yaşıl Bazar” satış kompleksi və mehmanxana da tikiləcək. Layihə üzrə inşaat işlərinin 2017-ci ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Layihənin icrası nəticəsində 2500 nəfər daimi işlə təmin ediləcək. Dövlətimizin başçısı yeni fabrikin təməlini qoydu.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Ağstafa Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Azərbaycan Prezidentinə məlumat verildi ki, Ağstafa Rayon Mədəniyyət Mərkəzinin yerləşdiyi bina 1950-ci ildə inşa edilib. Ötən müddətdə binada əsaslı təmir işləri aparılmadığından tikili köhnəlib və qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin 2014-cü il 30 iyun tarixli Sərəncamı ilə başlanan əsaslı təmir işləri nəticəsində bina tamamilə yenilənib. Binada yenidənqurma və təmir işləri 2015-ci ilin dekabrında başa çatıb.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl anbarının təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısına məlumat verildi ki, Ağstafa taxıl və un məmulatları istehsalı kombinatının inşasına 2015-ci ilin martında başlanılıb, tikinti işlərinin başa çatdırılması 2017-ci ilin may ayına nəzərdə tutulub. Kombinat 3 zavoddan ibarət olacaq. Bunlar “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı” zavodlarıdır.



Dəyirman müasir iqtisadiyyatın tələbinə uyğun olaraq yeni texnologiyalarla təchiz ediləcək. Bu texnologiyaların tətbiqi dəyirmanda keyfiyyətli məhsul əldə etməyə imkan verəcək. Dəyirmanın emal gücü saatda 5 tondur. Qabaqcıl texnologiyaların tətbiqi buğdadan maksimum un əldə etməyə şərait yaradacaq. Beləliklə, həm yüksək keyfiyyətli un məhsulları əldə ediləcək, həm də mövcud tullantılardan səmərəli istifadə olunacaq. Bu dəyirmanın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, emala təqdim edilmiş taxıl yuyulmayacaq. Onun nəmləndirilməsi xüsusi texnologiya ilə həyata keçiriləcək ki, bu, həm unun keyfiyyətli olmasına şərait yaradacaq, həm də vaxt və məhsul itkisinin qarşısını alacaq. Emal zamanı yaranan kəpək və digər qırıntılardan yem istehsal ediləcək.



Prezident İlham Əliyev yeni dəyirmanın təməlini qoydu.Dövlətimizin başçısı burada hazır məhsul anbarına da baxdı. Ümumi sahəsi 5048 kvadratmetr olan anbarda satış üçün saxlanılan bir neçə çeşiddə un, qaba yem və hazır toxumlar barədə Prezident İlham Əliyevə məlumat verildi. Hələlik cəmiyyətin öz emal zavodları hazır olmadığından yetişdirilmiş buğda Şəmkir rayonuna nəql olunaraq orada emal edilir. Prezident İlham Əliyevə yerli undan hazırlanan qənnadı məhsulları təqdim olundu. Dövlətimizin başçısına burada quraşdırılması nəzərdə tutulan toxum istehsalı xətti barədə də məlumat verildi. Qeyd edildi ki, layihə üzrə müəssisənin tərkibində saatda 25 ton emal gücü olan Almaniyanın “Petkus” şirkətinə məxsus toxum istehsalı xətti qurulacaq.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında da iştirak edib. Azərbaycan Prezidentinin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq, Ağstafada yeni istehsal və emal müəssisələrinin tikilməsi istiqamətində zəruri və ardıcıl işlər görülür. Bu işlər nəticəsində son illərdə rayonun sənaye potensialından səmərəli istifadə, yeni istehsal müəssisələrinin yaradılması və iş yerlərinin açılması istiqamətində mühüm layihələr icra olunub. “Karvan-L EKO” sənaye parkının tikintisi də bunun əyani göstəricisidir.



Dövlətimizin başçısı müəssisələrin və istixana kompleksinin açılışını etdi. Prezident İlham Əliyev yeni müəssisələrlə tanış oldu. Sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti