Bakı Limanı Avropada təqdim olunub

Bakı Limanı Avropada təqdim olunub
  11 Noyabr 2016    Oxunub:1626
Bakı Limanının Avropa Parlamentində təqdimatı keçirilib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Belçika Krallığında səfərdə olub QSC-nin (Bakı Limanı) baş direktoru Taleh Ziyadov Avropa Komissiyasının Nəqliyyat və Hərəkətlilik üzrə Baş direktoratlığının rəhbəri Henrik Hololei ilə danışıqlar aparıb. Görüş zamanı Bakı Limanının fəaliyyəti barədə ətraflı məlumat verilib və gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

Həmçinin Avropa Parlamentində “Avropaya Yeni Giriş – Bakı Limanı” adlı təqdimat mərasimi keçirilib. Tədbir Avropa Parlamentinin üzvləri olan deputatlar İvo Vayql (Sloveniya) və xanım Gesine Maysnerin (Almaniya) birgə təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə müxtəlif Aİ təsisatlarını təmsil edən 100-dən çox rəsmi nümayəndələr və Avropa Parlamentinin bir sıra deputatları, Brüsseldə akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları, eləcə də Belçikada fəaliyyət göstərən beyin mərkəzləri, akademik dairələr və KİV nümayəndələri də iştirak ediblər.

Təqdimat mərasimi Azərbaycanın tarixi və mədəni irsini əks etdirən videoçarxla başlayıb.

Daha sonra İ.Vayql açılış nitqi ilə çıxış edib və Azərbaycanın ötən müddət ərzində müstəqil inkişafına toxunub, Azərbaycanda nəqliyyat infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən islahatlardan və bu xüsusda, regionun strateji nəqliyyat qovşağına çevrilməsi prosesinin sürətlənməsindən bəhs edib. İ.Vayql Azərbaycanın Aİ-nin etibarlı enerji tərəfdaşı olması ilə yanaşı strateji nəqliyyat tərəfdaşı kimi də dəyərləndirilə biləcəyini bildirib.

Daha sonra çıxış edən Avropa Parlamentinin deputatı Gesine Maysner Azərbaycanda tranzit imkanlarının geniş olması ilə bağlı məqamı qeyd edib və Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi əhəmiyyətini vurğulayıb. G.Maysner həmçinin bu tədbirə ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib.

Taleh Ziyadov Bakı Beynəlxalq Dəniz Ticarət limanının hazırki fəaliyyəti və gələcək perspektivləri, onun inkişaf konsepsiyası, infrastrukturu, o cümlədən liman ətrafında yaradılan Azad Ticarət Zonası (ATZ) layihəsinin strateji-iqtisadi əhəmiyyətinə dair geniş məlumat verib. Bakı Limanın Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində mühüm nəqliyyat-logistika qovşağı (hub) olacağına, Avropa və Asiyanı birləşdirən, geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsinə çevriləcəyinə və bununla tarixi İpək yolunun yenidən canlanmasına öz xüsusi töhfəsini verəcəyinə dair fikirlərini bölüşüb.

Baş direktor cari il sentyabrın 7-də tanınmış “DP World” şirkəti ilə məsləhətçi qismində müqavilənin imzalandığını və Ələtdə yerləşən yeni Bakı Limanı və ətrafında ATZ qurulduğunu qeyd edib. O vurğulayıb ki, ATZ-də nəqliyyat və logistika infrastrukturunun qurulması, neft-kimya və əczaçılıq sahələrinin yaradılması, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və s. kimi işlərin həyata keçirilməsi planlaşdırılır. Bununla da ATZ-də minlərlə yeni iş yeri açılmış olacaq bu da öz növbəsində ölkəyə böyük həcmdə investisiyaların cəlb olunmasına şərait yaradılacaq.

Daha sonra, 2018-ci ildə Bakı şəhərinin ev sahibliyi edəcəyi Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Ports and Harbors – IAPH) illik konfransına dair məlumat verilib və tədbirdə iştirak edən nümayəndələr konfransa dəvət edilib.

Təqdimat mərasiminin sonunda yekun nitqi ilə çıxış edən İvo Vayql tədbir iştirakçılarına və Taleh Ziyadova öz təşəkkürünü bildirib və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə tam dəstəyini ifadə edən Aİ-nin mövqeyini tədbir zamanı bir daha səsləndirilib.

Əlavə olaraq, Taleh Ziyadovun Bakı Limanına dair verdiyi geniş və dolğun müsahibəsi Aİ-nın nüfuzlu media orqanı hesab edilən "Euroactiv" xəbər portalında yerləşdirilib. https://www.euractiv.com/section/europe-s-east/interview/ziyadov-baku-will-become-a-dubai-like-hub-in-eurasia/

AzVision.az


Teqlər:





Xəbər lenti