2017-ci ilin dövlət büdcəsi ilə bağlı rəy

2017-ci ilin dövlət büdcəsi ilə bağlı rəy
  25 Noyabr 2016    Oxunub:5827
Hesablama Palatası “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəy verib.

AzVision.az Palatanın rəsmi saytına istinadən xəbər verir ki, rəydə qeyd olunub ki, “Büdcə zərfi”ndə növbəti ilin dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim olunan sənədlər “Büdcə sistemi haqqında” qanununun tələbləri gözlənilməklə tərtib edilib. Ötən illərdən fərqli olaraq 2017-ci ilin dövlət büdcəsinin layihəsi ilə birgə təqdim edilmiş sənədlərdə növbəti ilə manatın məzənnəsi, həmçinin ÜDM-in digər valyutada proqnozlaşdırılan həcmi ilə bağlı məlumatlar əks etdirilməyib.

2017-ci ilin dövlət büdcəsi ilə bağlı Qanun layihəsində ilk dəfə olaraq xarici ölkələrdən qrantların (Avropa Birliyinin qrantından daxilolmaların) proqnozlaşdırılmış məbləği əks etdirilib. Eyni zamanda təqdim olunmuş qanun layihəsində ilk dəfə olaraq il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) ayrıca olaraq nəzərdə tutulub.

Sənəddə qeyd olunub ki, “Büdcə sistemi haqqında” qanununun 16.1.5-ci maddəsində ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsü və ayırma normalarının əks etdirilməsi nəzərdə tutulsa da, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində həmin bölgü və normalar təsbit edilməyib, “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna ayırmaların proqnoz göstəriciləri əks olunub.

“Təqdim edilmiş “Büdcə zərfi”nə əsasən 2017-ci ilə dövlət büdcəsinin gəlirləri 15955,0 mln. manat məbləğində olmaqla 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 867,0 mln. manat və yaxud 5,2% az proqnozlaşdırılıb. 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə faiz nisbəti 26,0% və ya cari ilin müvafiq göstəricindən 3,1 faiz bəndi az nəzərdə tutulub. Dövlət büdcəsinin gəlirlərinin qeyri-neft sektoru üzrə təklif olunan proqnozu 2015-ci ilin icrasından 821882,1 min manat və ya 11,3%, 2016-cı ilin gözlənilən icrasından isə 503000,0 min manat və ya 6,6% çoxdur. 2017-ci il üzrə qeyri-neft sektorundan proqnozlaşdırılan gəlirlərin ÜDM-ə nisbəti 13,2%, qeyri-neft sektoru ÜDM-nə qarşı isə 19,4% nəzərdə tutulub.

Dövlət büdcəsinin qeyri-neft sahələrindən gəlirləri üzrə proqnozlaşdırılmış artım əsasən Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlər üzrə, neft sektorundan gəlirlərin azalması isə Dövlət Neft Fondunun daxilolmaları hesabına nəzərdə tutulub. “2016-2020-ci illər üzrə Azərbaycan Respublikasının əsas makroiqtisadi proqnoz göstəriciləri”nə əsasən isə tədiyyə balansı üzrə cari hesab balansının 2015-2016-cı illər ərzindəki mənfi davranışının 2017-ci ildən etibarən müsbətə doğru dəyişməsi proqnozlaşdırılıb. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və büdcə zərfinə əlavə olunmuş müvafiq sənədlərə əsasən dövlət büdcəsinin gəlirlərinin 45,2%-i və ya 7210000,0 min manatı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin, 13,8%-i və ya 2200000,0 min manatı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin, 38,2%-i və ya 6100000,0 min manatı Dövlət Neft Fondunun, 2,8%-i və ya 445000,0 min manatı isə digər mənbələrin payına düşüb. Vergilər Nazirliyi üzrə proqnozlaşdırılmış məbləğ 2016-cı ilin gözlənilən icrasına nisbətən 200000,0 min manat və ya 2,9%, Gömrük Komitəsi üzrə 390000,0 min manat və ya 21,5% çox, Dövlət Neft Fondu üzrə isə 1515000,0 min manat və ya 19,9% azdır”.

Hesablama Palatasının rəyinin tam mətni ilə BURADAN tanış ola bilərsiz.

AzVision.az


Teqlər:  





Xəbər lenti