Azərbaycanda pensiya xərcləri artıb

Azərbaycanda pensiya xərcləri artıb
  30 Noyabr 2016    Oxunub:2613
“Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin gəlirləri 8 370,6 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 4 889,1 mln. manat və ya 2,4 dəfə çoxdur”.
AzVision.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov 2017-ci il dövlət büdcə layihəsinin komitələrin birgə iclası zamanı bildirib.

Nazir bildirib ki, Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin xərcləri 6 951,3 mln. manat təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 3685,0 mln. manat və ya 34,6% azdır.

“Fondun xərclərinin 6 100,0 mln. manatı və ya 87,8%-i dövlət büdcəsinə nəzərdə tutulan transfertə, 822,0 mln. manatı və ya 11,8%-i bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, CQD-i layihələrində Azərbaycanın iştirak payı), 29,3 mln. manatı və ya 0,4%-i “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları"nın maliyyələşdirilməsinə yönəldiləcək”.

S.Şərifov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri 3 400,0 mln. manat proqnozlaşdırılır: “Fondun xərclərinin 37,4%-i və ya 1 270,0 mln. manatı dövlət büdcəsindən birbaşa transfert, 62,6%-i və ya 2130,0 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına örtüləcək. Dövlət Sosial Müdafiə Fondundan (DSMF) əmək pensiyalarının ödənilməsinə gələn il 3 213,82 mln. manat ayrılması nəzərdə tutulub. Sənədə əsasən, pensiya xərcləri bu illə müqayisədə 2,5% və yaxud 77,72 mln. manat artacaq.

Layihədə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər xərclər 1,5% və yaxud 1,55 mln. manat artırılaraq 104,4 mln. manata, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xərclər 2,7% və yaxud 600 min manat artırılaraq 22,6 mln. manata, hamiləliyə və doğuşa görə xərclər 2,2% və yaxud 600 min manat artırılaraq 28,1 mln. manata, uşağın anadan olmasına görə xərclər 7,5% və yaxud 580 min manat azaldılaraq 7,2 mln. manata, 3 yaşına qədər uşaqlara qulluqla əlaqədar xərclər 2,3% və yaxud 300 min manat artırılaraq 13,4 mln. manata, dəfn üçün xərclər 9,9% və yaxud 1,7 mln. manat azaldılaraq 15,5 mln. manata, işsizliyə görə xərclər isə 15,3% və yaxud 2,33 mln. manat artırılaraq 17,6 mln. manata çatdırılıb”.

Nazir əlavə edib ki, Dövlət Neft Fondunun aktivlərində azalmanın qarşısını alınıb. S.Şərifov bildirib ki, bu ilin sonuna Dövlət Neft Fondunun aktivləri 3,9 mlrd. ABŞ dolları azalmalı idi: “2016-ci ilin ötən dövründə Azərbaycan Mərkəzi Bankı və hökumətin atdığı addımların və sərt monetar siyasətinin nəticəsi olaraq, Dövlət Neft Fondunun aktivlərində azalmanın qarşısını alıb”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti