Prezidentin yaratdığı komissiya ilk iclasını keçirdi

Prezidentin yaratdığı komissiya ilk iclasını keçirdi
  17 Dekabr 2016    Oxunub:2142
Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar prezident İlham Əliyevin sərəncamına əsasən yaradılan işçi qrupunun dekabrın 16-da ilk iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasa sədrlik edən Baş nazirin müavini, işçi qrupunun üzvü Abid Şərifov bu sahədə mövcud problemlərin öyrənilməsi və aradan qaldırılması məqsədilə müvafiq qurumlardan rəylər alınaraq “Master Plan” hazırlandığını bildirib.

Son illər əhalinin sayının artması və dinamik inkişaf nəticəsində Abşeron yarımadasının mövcud su təchizatı və kanalizasiya sisteminin hazırkı tələbatı ödəmək gücündə olmadığını bildirən Baş nazirin müavini bunun bir sıra problemlər yaratdığını vurğulayıb. Qeyd edib ki, paytaxtın bəzi qəsəbələrində kanalizasiya sisteminin olmaması içməli su mənbələrinin çirklənməsinə gətirib çıxarır ki, bu da yoluxucu xəstəliklərin yayılması riskini artırır. Sonuncu güclü yağışlar paytaxtın Binəqədi rayonunda, Bayıl, Kürdəxanı qəsəbələrində, habelə Abşeron rayonunda bir sıra ciddi problemlər yaradıb. Bu problemlərin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi olduqca mühüm əhəmiyyət daşıyır.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun yenidən qurulması üçün beynəlxalq təcrübəyə malik şirkətlərin iştirakı ilə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla “Master Plan” hazırlanıb. Sənədin hazırlanması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Böyük Bakının Regional İnkişaf Planı”, Dövlət Statistika Komitəsinin və digər qurumların məlumatları nəzərə alınıb. Ümumilikdə 18 bölmədən ibarət olan “Master Plan” hazırlanarkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin perspektivləri, təmizlənmiş çirkab suların təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülüb.

Diqqətə çatdırılıb ki, Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin, su kəməri şəbəkəsinin 70 faizi istismar müddətini çoxdan başa vurduğundan böyük həcmdə su itkiləri yaranır. Nəticədə istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatında problemlər meydana çıxır, binaların zirzəmiləri su ilə dolur.

AzVision.az


Teqlər:





Xəbər lenti