Sülh Platformasının iştirakçılarından Azərbaycan və Ermənistan xalqlarına müraciət

  31 Dekabr 2016    Oxunub : 4498
Sülh Platformasının iştirakçılarından Azərbaycan və Ermənistan xalqlarına müraciət
“Ermənistan-Azərbaycan Sülh Platforması”nın iştirakçıları Yeni illə əlaqədar Azərbaycan və Ermənistan xalqlarına müraciət edib.

Müraciət müəllifləri bildiriblər ki, başa çatan 2016-cı il erməni və Azərbaycan xalqı üçün Ermənistan və Azərbaycan arasında Sülh naminə Platformanın yaradılması ilə yaddaqalan olub.

Müraciətdə vurğulanıb ki, bütün qarşıdurma dövrü ərzində ilk dəfə Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətinin fəalları ölkələr arasında sülhə nail olunması, ümumi razılıq və anlaşma əsasında Dağlıq Qarabağ münaqişəsinin dialoq yolu ilə uzunmüddətli həllinin tapılması üçün sülhməramlı təşəbbüslə çıxış ediblər.

Bildirilib ki, bu təşəbbüs çoxlu siyasi və ictimai xadimlər tərəfindən ictimai dəstək qazanıb, Platforma iştirakçılarına ünvanlanan çoxsaylı müsbət çağırışlar da bunu göstərir.

Platforma iştirakçıları əmindirlər ki, qarşıya qoyduqları məqsəd hər iki tərəfin ictimaiyyət nümayəndələrinin əməkdaşlığının genişlənməsinə kömək edəcək, bu təşəbbüs sülh və xalqların xoşbəxt gələcəyi uğrunda çıxış edən bütün sağlam düşüncəli vətəndaşlar tərəfindən dəstəklənəcək:

“Bizim şübhəmiz yoxdur ki, Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma ətrafında birləşən bütün sülhsevər qüvvələrin prinsipial və ardıcıl fəaliyyəti xalqlarımıza nifrət və bir-birinə düşmən münasibətə son qoymağa imkan verəcək. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllinə və Azərbaycanla Ermənistan arasında uzun müddətdir ki, gözlənilən sülhün əldə olunmasına gətirib çıxaracaq. Ancaq təəssüf ki, mənasız müharibə hələ də xalqlarımızın “qapısını döyür”, gəncləri həyatdan aparır. Dekabrın 29-da da sərhəddə növbəti toqquşma baş verib. Biz səmimi qəlbdən Azərbaycan və Ermənistanda ölənlərin ailələrinə başsağlığı veririk. Xalqlarımızın gələcəyi bizim çiyinlərimiz üzərindədir. Ölkələrimizin vətəndaşları irəliləyişlər, inkişaf və irəliləyiş yolu ilə getmək istəyirlər. Biz hamımız gələcək nəsillərin işıqlı gələcəyi üçün məsuliyyət daşıyırıq. Gəlin düşmənçiliyi, nifrət, təhqir və mübahisələri dayandıraq. Erməni və Azərbaycan xalqlarının ümumi rifahı naminə Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma ətrafında birləşək, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün öz şəxsi səylərimizi ortaya qoyaq. 2017-ci ilin, Yeni ilin başlaması münasibəti ilə hamınıza sülh, rifah, əmin-amanlıq, rifah və tərəqqi arzu edirik”.

Bəyanatı Ermənistan tərəfdən Vahe Avetyan (hüquq müdafiəçisi), Vaan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Ermənistan Yazıçılar İttifaqının üzvü Vaaqn Karapetyan, vətəndaş cəmiyyəti fəalları Anait Sinanyan və Armen Karapetyan, Azərbaycan tərəfdən isə Rövşən Rzayev (“Dağlıq Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru), Şəlalə Həsənova (“İctimaiyyətlə Əlaqələrin İnkişafın Dəstək” İctimai Birliyinin sədri) imzalayıb, “Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyəti” İctimai Birliyinin sədri Novella Cəfəroğlu, vətəndaş cəmiyyəti fəalı Pərvanə Məmmədova, Azərbaycan Jurnalistlər İttifaqının üzvü Rasim Ağayev imzalayıblar.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: