Tramp dolları ucuzlaşdıra bilərmi? - Ekspert rəyi

Tramp dolları ucuzlaşdıra bilərmi? - Ekspert rəyi
  23 Yanvar 2017    Oxunub:3181
“Dolların aparıcı valyutalara xüsusən də avroya qarışı məzənnəsində psixoloji səbəbələrdən müəyyən enişlər mümkün görünsə də ABŞ pulunun kəskin ucuzlaşması gündəmdə deyil”.
AzVision.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib. Ekspert bildirib ki, Trampın “Amerika məhsulları ABŞ-da istehsal olunsun” şüarının reallaşacağı inandırıcı deyil:

“Transmilli şirkətlər ucuz işçi qüvvəsinə malik olan ölkələrdən istehsallarını bahalı Amerikaya daşıyacağı ağlabatan deyil. Bu isə o deməkdir ki, dünya bazarında dolların dəyərsizləşməsinə ümid etmək sadəlövhlük olardı. Neftin dünya bazar qiymətini proqnozlaşdırmaq çətin olsa da, Trampın mühafizəkar siyasəti “qara qızılın” qiymətində kəskin artımlara imkan verməycək. Tramp seçki qabağı kampaniyada neft idxalı ilə bağlı vədlərinə sadiq qalarsa, o zaman hətta neftin dünya bazar qiymətində kəskin enişlər də mümkündür”.

V.Bayramov qeyd edib ki, bütövlükdə, okeanın digər tərəfindəki reallıqları nəzərə alsaq ABŞ-ın yeni prezidentinin daxili və xarici iqtisadi siyasətdə ciddi dəyişikliklə edəcəyi inandırıcı deyil: “Bununla belə, güman edilir ki, ABŞ-ın xarici iqtisadi siyasətində potensial dəyişikliklər Çin və Latın Amerikası ölkələri ilə bağlı ola bilər. Beləcə, Vaşinqton Tramp üçün deyil, Tramp Vaşinqton üçün işləyəcək”.

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Tramp bu yaxınlarda The Wall Street Journal-a müsahibəsində bildirmişdi ki, o zəif dolları dəstəkləyir. Bu bəyanatın ardınca ABŞ dolları müəyyən qədər aşağı düşməyə başlamışdı.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti