Ötən il 14 körpü tikilib
Tədbirdə çıxış edən ASC-nin sədri Saleh Məmmədov vurğulayıb ki, ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan sərəncamlar, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ları çərçivəsində cəmiyyət tərəfindən görülən işlər xüsusi əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, 2016-ci il ərzində 880 kilometr uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub, həmçinin 14 yeni avtomobil körpüsü tikilib, 8-i isə təmir edilib.
Bundan başqa, ötən il ərzində Bakı şəhəri Binəqədi, Nizami, Yasamal, Xətai, Nərimanov, Nəsimi, Xəzər, Sabunçu, Suraxanı, Qaradağ və Səbail rayonlarında 48 adda prospekt və küçə yenidən qurulub və təmir olunub, həmçinin 4 piyada keçidi tikilib, 1-i isə təmir edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan və yol infrastrukturunun yenilənməsinə hesablanmış 48 sərəncamın icrası olaraq ümumi uzunluğu 515 kilometr təşkil edən 21 kəndlərarası və 7 qəsəbələrarası avtomobil yollarının tikintisi, qəzalı vəziyyətə düşən 1 körpünün bərpası işləri başa çatdırılıb.
Sözügedən avtomobil yollarının tikintisi ilə 173 yaşayış məntəqəsinin təqribən 1 milyon 230 min sakininin rahat və təhlükəsiz hərəkəti təmin olunub. Yolların yenidən qurulması sərnişin və yük daşımasının yaxşılaşmasına, ən əsası isə həmin ərazilərdə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxarır.
2016-cı il ərzində Prezident İlham Əliyev 21 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edib, öz dəyərli tövsiyə və tapşırıqlarını verib.
Bu dövr ərzində ümumilikdə 1 milyon 21,8 min ton asfalt-beton istehsal edilib, 56,2 min ton bitum və 4,5 min ton mazut istifadə edilib.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov Prezident İlham Əliyevin regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrinin icra edilməsinin, insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq kənd və qəsəbələrarası avtomobil yollarının tikintisinin vacibliyi barədə səsləndirdiyi tövsiyə və tapşırıqlarına əsasən 2017-ci ildə də bu istiqamətdə genişmiqyaslı işlərin aparılacağını qeyd edib.
AzVision.az
Teqlər: