"Azərbaycanı tərk etmək istəsəydim, çoxdan gedərdim" - Toğrul Əsgərov

"Azərbaycanı tərk etmək istəsəydim, çoxdan gedərdim" - Toğrul Əsgərov
  08 İyul 2017    Oxunub:4710
“Bir həftədir Türkmənistan millisinə keçməyim barədə müzakirələr gedir. Zədəmlə bağlı Azərbaycanda olmadığım üçün vətənə dönəndən sonra fikir bildirəcəyimi söyləmişdim. Artıq vətəndəyəm. Mənə dəstək verən, inanan hər kəsə təşəkkürümü bildirirəm. Bununla yanaşı məsələnin nədən ibarət olduğunu bilmədən, araşdırmadan şayiələrə inanıb, tənqid olunduğuma çox üzüldüm”
AzVision.az xəbər verir ki, bu barədə sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü, olimpiya çempionu Toğrul Əsgərov "Facebook" səhifəsində yazıb.

Millini tərk edəcəyi haqda yayılan məlumatlara aydınlıq gətirən T.Əsgərov Azərbaycandam getmək niyyətində olmadığını deyib:

“Mən Bakıdan Türkmənistan millisinə dəvət olunmağıma görə getməmişdim. Qonşu ölkəyə dəvət olunan şəxsi məşqçim Elman Əsgərov olub. Məşqçimlə birgə Aşğabada getmişdim. Orada məni görüb millilərinə dəvət etdlər. Mən bu dəvətə müsbət cavab verməmişəm. Bir daha deyirəm, mən Bakıda olanda deyil, dəvət yerində olub.

Son 5-6 ildə Koreya, Türkiyə, digər ölkələrdən maddi baxımdan çox sərfəli təkliflərim olub. Azərbaycanı tərk etmək istəsəydim, çoxdan gedərdim. Hər zaman doğma vətənimi üstün tutmuşam. Bu addımım xalqıma olan sevgilə yanaşı dövlətimizin, prezidentimiz İlham Əliyevin idmana, şəxsən bizə, mənə olan qayğısı, münasibətinin nəticəsidir. Nazirlik, Milli Olimpiya Komitəsi, federasiya, "Neftçi" cəmiyyəti də öz köməyini əsirgəməyib. Bunun qarşılığında Avropa, dünya, olimpiya çempionluqlarını qazanaraq bayrağımızı qaldırmışıq, himnimizi səsləndirərək xalqımızı, dövlətimizi sevindirmişik”.

T.Əsgərov hesab edir ki, pulla uğur qazanmaq mümkün deyil: “Milyonlarla pul qazandığımızı deyirlər. Mən Azərbaycan övladı olaraq döşəyə xalqımı, bayrağımı, himnimi düşünüb çıxıram. Pulla uğur qazanılmır. Gecə-gündüz məşqlərdəki əziyyətimiz sayəsində çempionluqlar əldə olunur. Pulu düşünərək dünya səviyyəli idmançı olmaq mümkün deyil. Uğurlarımızın qarşılığı dövlətimiz tərəfindən ödənilirsə, biz ancaq təşəkkür edə bilərik.

Heç yerdə dünya səviyyəli lider idmançıların pulunu saymırlar. Xalqın, dövlətin başını uca etdiklərinə görə onlarla fəxr edirlər. Çempion olmaqla yanaşı davranışımla, böyük-kiçik yeri bilməyimlə başqalarına nümunə olmağa çalışıram. Gənc olmağıma baxmayaraq, bilirəm ki, yüz minlərlə insan bizdən örnək götürür. Biz idmançılar gənclərimizə hərtərəfli nümunə olmalıyıq”.

İdmançı Hindistanda zədə alması ilə bağlı fikirlərə də münasibət bildirib: “Biz özbaşına deyilik. Hindistandakı yarışa federasiyamızın rəsmi icazəsi ilə qatılmışam.

Peşəkar idmançı həyatı çox ağırdır. Zədələr daimi olur. Kariyeram ərzində dəfələrlə ağır əməliyyatlardan çıxmışam. Bunun ağrısını biz çəkirik. Demək olar ki, 2014-cü ildən ciddi zədələrlə yarışlara çıxmağa məcbur oluram. Bunu federasiya, məşqçi, həkimlər, güləşçi dostlarım, komanda yoldaşlarım yaxşı bilir. Bəzi yarışlarda istədiyim nəticələri qazanmamağım ciddi zədələrimin olmasına görədir.

Fikirlər dolaşır ki, əməliyyatımın xərcini özüm çəkməliyəm. Biz idmançılar çəkdiyimiz əziyyətləri onsuz da maddi, mənəvi, psixoloji, hərtərəfli çəkirik. Dünya səviyyəli idmançıların yüksək nəticələr qazanmaları üçün məşq, yarışlardan başqa heç bir problemi, qayğısı olmamalıdır. Bu, bütün idman növlərinə aiddir. Yüz milyonlarla dollar qazanan idmançıların əməliyyat, müalicə, bərpasının xərcini klub, federasiya ödəyir. Bu qanunla bağlanmış müqavilələrdə də öz əksini tapır. Bura yaşayış, qidalanma, vitaminizasiya, həkim nəzarəti, digər tələb olunan şəraitlər də daxildi. Peşəkar idmançının bir qayğısı olmalıdır, nəticə göstərmək, çempion olmaq!

25 yaşındayam. Karyeramın sonuna hələ çox var. İstəyim, arzum bundan sonra minimum iki olimpiadada medallar qazanaraq xalqımı yenidən sevindirməkdir. Bu nəticələri yenidən qazanmaq üçün ilk növbədə sağlam idmançı olmalısan.

Mən legioner deyiləm Azərbaycanlı balasıyam!

Bu gün Toğrul Əsgərovun niyə Avropa, Amerikanın aparıcı klinikalarında deyil, məcburiyyətdən Türkiyədə müayinə olunur məsələsi müzakirə olunmalıdır. Hər gün olimpiya çempionları yetişmir. Bizim ilk olaraq xalqımızdan mənəvi, psixoloji dəstəyə ehtiyacımız var. Növbəti olimpiya çempionluqlarını qazanmaq üçünsə peşəkar idmançıya tələb olunan şəraitin yaradılması mütləqdir. Bu hansısa idmançının kaprizləri deyil, dünyada qəbul olunmuş qaydalardır”.

Olimpiya çempionu daha sonra qeyd edib: “Şəxsi məşqçim Elman Əsgərovun Türkmənistan millisinə dəvət olunması qürurvericidir. Məşqçilərin başqa ölkələrdə çalışması normaldır. İstəyimsə məşqçimin doğma vətənimdə məni növbəti Avropa, dünya çempionatları, olimpiya oyunlarına hazırlaması olar.

Bütün Azərbaycan, xalqım bilsin ki, problemlərimin olmasına baxmayaraq maddi tərəfdən qat-qat yüksək təkliflər almışam, bu gün də var. Bunlara baxmayaraq doğma vətənimdən başqa heç bir ölkəni təmsil etmək istəmirəm və heç vaxt belə fikirdə olmamışam.

Belə fikirdə olmağımda şəxsi məşqçim də hər zaman yanımda olub.
İnanıram ki, Azərbaycanda da mənə dəyər verdikləri kimi yenə istəyirlər. Azərbaycan bayrağını ucaltdığıma görə qürur duyuram!

Günü bu gün Ali Baş Komandanımız səfərbərlik əmri versə, güləşdiyim döşəyi Gəncədən görünən Murovdağın qarlı səngərinə dəyişib olimpiya çempionu kimi Azərbaycan uğrunda şəhidlik zirvəsinə ucalmağa hazıram!”.

AzVision.az


Teqlər: Toğrul-Əsgərov   Olimpiya-çempionu  





Xəbər lenti