Bu ilin 6 ayında 58 uşaq evdə doğulub

Bu ilin 6 ayında 58 uşaq evdə doğulub
  28 İyul 2017    Oxunub:1907
Bu ilin 6 ayı ərzində evdə doğuşla bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 58 müraciət daxil olub. Bu barədə AzVision.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva deyib.
İ.Əliyeva qeyd edib ki, 2016-cı ildə evdə doğuşlarla bağlı onlara 68 müraciət daxil olub. 2015-ci ildə isə bu rəqəm 100 olub: “6 ay ərzində Bakı şəhərində 1587 doğuş olub. Onlardan 58-i tibb müəssisəsindən kənarda reallaşıb. Əsasən evdə doğuş bitdikdən sonra təcili yardım çağırılıb. Təcili tibbi yardım həkimləri hadisə yerinə çatanda artıq doğuş bitmiş olur. Həkimlər də həm ananı, həm uşağı, həm də cifti götürərək xəstəxanaya aparırlar”.

İ.Əliyeva qeyd edib ki, evdə doğan qadınlardan yalnız 1 nəfəri həkim nəzarətində olub. “Həkim hadisə yerinə çatanda görüb ki, artıq qadın doğur. Hamilə qadını apara bilməyib və doğuşu həyata keçirib. Sonra isə xəstəxanaya aparıblar. Evdə doğan qadınların həm özləri, həm uşaqları salamat olub və heç bir problemləri olmayıb. Eyni zamanda onların hamısı qadın məsləhətxanalarında qeydiyyatda olublar”.

Baş həkimin müavini evdə doğuşla bağlı onlara əsasən Bakıətrafı kənd və qəsəbələrdən müraciətlərin daxil olduğunu vurğulayıb. “Bunlar sırf bir yerdə cəmləşmiş insanlar deyil. Hər kənd və qəsəbədən 1-2 belə müraciət daxil olur”.

Aytən Zəhra
AzVision.az


Teqlər: doğuş   Bakı   uşaq  





Xəbər lenti