Prezident Gədəbəydə səfərdə olub - Yenilənib

Prezident Gədəbəydə səfərdə olub - Yenilənib
  20 Avqust 2017    Oxunub:6476
Prezident İlham Əliyev avqustun 20-də Gədəbəy rayonuna səfərə gedib.
Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyekti tikilib, istehsal müəssisələri yaradılıb.

Prezident İlham Əliyev daha sonra “Gədəbəy Mineral Suları” MMC-nin limonad zavodunun açılışında iştirak edib. Ölkə başçısı müəssisə ilə tanış olub.

Bildirilib ki, 2010-cu ildən fəaliyyət göstərən Gədəbəy mineral sular zavodunun istehsal etdiyi məhsullar daxili bazarla yanaşı, Rusiyaya və Bəhreynə də ixrac olunur. Yaxın vaxtlarda məhsulların daha bir neçə ölkəyə ixrac edilməsi planlaşdırılır.

Qeyd edilib ki, müəssisədə 120-yə yaxın işçi çalışır. Zavodun inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub.

Prezident İlham Əliyev müəssisəni işə salıb.

Ölkə başçısı Gədəbəy şəhərinin içməli su təchizatı layihəsinin açılışında da iştirak edib. Prezident əvvəlcə Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon ictimaiyyəti adından çıxış edən Məlahət Əliyeva və Tofiq Mirzəyev göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Gədəbəy  





Xəbər lenti