Bəzi cinayətlərə görə həbs cəzaları pulla əvəz olunacaq

Bəzi cinayətlərə görə həbs cəzaları pulla əvəz olunacaq
  27 Sentyabr 2017    Oxunub:3759
Azərbaycan Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsində dəyişiklik edilir.
AzVision.az xəbər verir ki, hazırkı qanunvericiliyə əsasən, ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etməyə görə 5 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddənin sanksiyasına “3 ilədək müddətə azadlığın məhdudlaşdırılması” da əlavə edilir.

Bundan başqa Azərbaycan prezidenti İlham Əliyevin təqdimatı ilə Cinayət Məcəlləsinə (CM) yeni 73-1 (Mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə) və 73-2 (İqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə məsuliyyətdən azad etmə) maddələrinin əlavə edilməsi təklif olunur.

Yeni 73-1 maddəsinə görə, məcəllənin 178.1 (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə), 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama), 186.1 (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 187 (Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə) və 189-1.1 (Təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törədən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunacaq.

Təklif olunan maddəyə görə, yuxarıdakı əməllər külli miqdarda törədildikdə şəxs zərərçəkmiş şəxslə barışıb, dəymiş ziyanı tamamilə ödədikdə, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcək. Hazırda buna görə də müxtəlif cərimələrdən tutmuş müvafiq olaraq 7 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq edilir.

Yuxarıdakı əməllər mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə isə şəxs zərərçəkmiş şəxslə barışıb, dəymiş ziyanı tamamilə ödədikdən və cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında dövlətə ödəniş etdikdən sonra cinayət məsuliyyətindən azad edilir.

Yeni 73-2 maddəsinə görə isə, məcəllənin 209-cu (Gömrük ödənişlərinin ödənilməsindən yayınma) və 213-cu (Vergi ödəməkdən yayınma) maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törədən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hazırda buna görə müvafiq olaraq müəyyən cərimələrdən tutmuş 3 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq edilir.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Cinayət-Məcəlləsi  





Xəbər lenti