Fikrət Məmmədov vətəndaşları qəbul edib

Fikrət Məmmədov vətəndaşları qəbul edib
  07 Oktyabr 2017    Oxunub:1900
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-averilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 6-da ədliyyə naziri Fikrət Məmmədov Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində Tərtər, Bərdə və Ağdam, eləcə də digər rayon və şəhərlərdən olan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl nazir və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı ədliyyə naziri, həmçinin yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakim və ədliyyə işçiləri ilə müşavirə keçirib.

Nazir respublikamızın, o cümlədən regionların sosial-iqtisadi inkişafı üzrə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb, ədliyyə və məhkəmə islahatlarına toxunaraq bu ərəfədə Qəbələdə rayon məhkəməsinin yeni müasir binasının istifadəyə verildiyini söyləyib.

Ədliyyə işçiləri ilə keçirilən müşavirədə Azərbaycan Prezidentinin cari il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının müstəsna əhəmiyyəti vurğulanıb, ədliyyə fəaliyyətində şəffaflığın, məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunmasının vacibliyi, eləcə də qərəzli yanaşmanın, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qeyd olunub, aidiyyəti tövsiyə və tapşırıqlar verilib.

Tərtər Hərbi Məhkəməsində bölgə hakimlərinin iştirakı ilə keçirilən müşavirədə isə təmas xəttində yerləşən bu məhkəmənin xüsusi əhəmiyyəti, məhkəmə hakimiyyətində mənəvi cəhətdən saf şəxslərin təmsil olunmasının zəruriliyi vurğulanıb. Hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilərək hakim adına və nüfuzuna xələl gətirən şəxslərin məhkəmə sistemindən kənarlaşdırılması üzrə işlərin davam etdirildiyi qeyd olunub, neqativ halların qarşısının qətiyyətlə alınmasının, etik davranış qaydalarına dönmədən əməl edilməsinin, vətəndaşlara daha həssas və qayğı ilə yanaşılmasının vacibliyi bildirilib.

AzVision.az


Teqlər: Fikrət-Məmmədov  





Xəbər lenti