Anar Bağırov bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Kollegiya tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilir, vəkillik institutunun inkişafı və möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülür. Sədr nəzərə çatdırıb ki, ötən il ərzində ARVK tərəfindən ölkə üzrə ümumilikdə 5663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib. Bu tədbirlərin əsas məqsədi vətəndaşların keyfiyyətli hüquqi yardıma bərabər çıxışının təmin olunması və onların konstitusion hüquqlarının müdafiəsidir.
O,ölkədə fəaliyyət göstərən qadın və kişi vəkillərin sayını da açıqlayıb.
Onun sözlərinə görə, hazırda ölkəmizdə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2609 nəfərə çatıb.
- Kollegiyaya yeni qəbul olunan vəkillərdən 56 nəfəri kişi, 46 nəfəri isə qadındır. Həmin vəkillərdən 11 nəfəri regionlarda, 91 nəfəri isə Bakıda fəaliyyət göstərəcək. Beləliklə, ölkədə fəaliyyət göstərən qadın vəkillərin sayı 548 nəfərə yüksələrək ümumi vəkillərin 21%-ni təşkil edir.
Vəkillər kollegiyasının sədri test imtahanlarından da söz açıb. O, qeyd edib ki 2018-ci ildən etibarən vəkilliyə qəbul üzrə ümumilikdə 14 yazılı test imtahanı keçirilib.
- İmtahanlarda iştirak edən 6070 namizəddən 1728 nəfəri uğurlu nəticə əldə edərək icbari təlimləri müvəffəqiyyətlə tamamlayıb və vəkil andı içməklə kollegiya üzvlüyünə qəbul olunub.
Tural Tağıyev
AzVision.az