“Əminəm ki, danışıqlar uğurla nəticələnəcək” - İlham Əliyev

AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstan prezidenti Rumen Radevlə görüşdən sonra mətbuata bəyanatında deyib.
Dövlət başçısı qeyd edib ki, "Azərbaycan Hava Yolları" şirkəti Bakıdan Sofiyaya birbaşa təyyarə uçuşlarını təşkil edəcək: “İndi hazırlıq işləri gedir. Əminəm ki, bütün danışıqlar uğurla nəticələnəcək və tezliklə Bakıdan Sofiyaya, Sofiyadan Bakıya təyyarə reysləri açılacaq. Mən bunu da səfərin gözəl nəticəsi kimi qiymətləndirirəm. Əlbəttə, bu gün biz energetika sahəsindəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Biz bu sahədə də strateji tərəfdaşıq. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Bolqarıstan Bakıda bir neçə dəfə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasında həmişə yüksək səviyyədə təmsil olunub və Cənub Qaz Dəhlizinin icrası ölkələrimizi bir-birinə daha da yaxın edəcək. Bu, nəhəng transmilli layihədir. Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. Azərbaycanın nəhəng “Şahdəniz” yatağından qaz Avropa ölkələrinə, region ölkələrinə, o cümlədən Bolqarıstana çatdırılacaq. Əminəm ki, Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz rolunu oynayacaq”.
Prezident deyib ki, görüşdə energetika sahəsində, xüsusilə qaz sahəsində növbəti əməkdaşlıq planları haqqında fikir mübadiləsi də aparılıb: “Bir halda ki Azərbaycan qazı bir neçə ildən sonra Bolqarıstan bazarına çatdırılacaq, əlbəttə, gələcək əməkdaşlıq üçün də çox yaxşı imkanlar açılacaq. Mən Prezidenti məlumatlandırdım ki, Bakı-Tbilisi-Qars dəmir yolu yaxın vaxtlarda istifadəyə veriləcək. Bu da tarixi layihədir və əminəm ki, Bolqarıstan da bu layihədə fəal iştirak edəcək. Bu layihə bütün ölkələr, o cümlədən dəmir yolu boyu yerləşən ölkələr üçün yeni imkanlar açacaq. Əlbəttə ki, biz humanitar sahədə əməkdaşlıq haqqında da danışdıq. Bu sahə həm Bolqarıstan, həm də Azərbaycan üçün çox önəmlidir. İnsanlararası əlaqələr, humanitar əməkdaşlıq, təhsil sahəsində əməkdaşlıq, əlbəttə ki, əlaqələrimizin möhkəm zəminini daha da gücləndirəcək. Bir sözlə, qeyd etdiyim məsələlər artıq əyani şəkildə göstərir ki, bizim əməkdaşlığımız çoxşaxəlidir və çox uğurludur. Prezidentin səfəri bu sözlərimi bir daha təsdiqləyir”.
AzVision.az
Teqlər: İlham-Əliyev