Bakıda Avropa Tolerantlıq Festivalı başlayıb

Bakıda Avropa Tolerantlıq Festivalı başlayıb
  13 Oktyabr 2017    Oxunub:1977
Bu gündən etibarən Bakıda Avropa Tolerantlıq Festivalına start verilir. Bu, Azərbaycanda keçirilən ən böyük festivallardan biri olacaq.
AzVision.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas festivala həsr edilmiş mətbuat konfransında deyib.

O bildirib ki, tolerantlığa daha çox diqqət yetirməklə festivalda müxtəlif janrlar - kino, musiqi, rəqs və digər incəsənət janrları öz əksini tapacaq. Festival çərçivəsində Aİ ölkələrindən və Azərbaycandan olan yaradıcı insanlar arasında fikir mübadilələri, debatlar aparılacaq, görüşlər təşkil ediləcək. Festival günlərində 34 ekran əsəri nümayiş etdiriləcək.

Azərbaycan, Belçika, Latviya, Litva, Polşa, İsraildən tanınmış film rejissorları, prodüserlər və aktyorlarla 9 debat sessiyası nəzərdə tutulur. Azərbaycanda səfərdə olan musiqiçilərin iştirakı ilə 6 konsert, 2 seminar və 1 tamaşa təşkil olunacaq. Oktyabrın 18-də tolerantlıq mövzusunda “Imagine, foto, video” müsabiqəsinin qalibləri mükafatlandırılacaq.

Kestutis Yankauskas qeyd edib ki, festival iki məkanda keçiriləcək: “Landmark” və “Park Cinema Flame Towers”.

Bildirilib ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə reallaşan festival oktyabrın 20-dək davam edəcək. Festival Avropa İttifaqının əsasını qoyan Roma Sazişinin imzalanmasının 60 illiyi münasibətlə təşkil olunur.

Qeyd edək ki, tədbir Aİ ölkələrinin səfirlikləri, eləcə də İsveçrə, Norveç, Moldova, Peru, İsrail, Meksika, Argentina, Kuba və Braziliya səfirlikləri, “Park Cinema”, “Landmark”, “United Cultures”, Bakı Media Mərkəzi və YARAT ilə birgə əməkdaşlıq şəraitində, “Türk Hava Yolları” və “ASAN Radio”nun dəstəyi ilə təşkil olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:   Azərbaycan   Festival  





Xəbər lenti