“İş üçün müraciət edənlərin sayı iki dəfə azalıb” - Nazir

  25 Oktyabr 2017    Oxunub : 388
“İş üçün müraciət edənlərin sayı iki dəfə azalıb” - Nazir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycanda rifah və rifahın paylanması ilə əlaqədar təhlil üzrə missiyası ilə görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, missiyanın məqsədi iqtisadi və sosial rifahın monitorinqi, sonuncu iqtisadi dəyişikliklərin rifaha təsirlərinin paylanması ilə bağlı təhlilin aparılması, ev təsərrüfatlarının iqtisadi şoklardan müdafiəsi məqsədilə siyasətin hazırlanması prosesinin məlumatlandırılması sahəsində Dünya Bankı ilə Azərbaycan hökuməti arasında gələcək əməkdaşlığın müzakirəsidir.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin respublikanın uzunmüddətli inkişafına xidmət edən siyasətinin sosialyönümlü olduğunu vurğulayaraq son illər qlobal miqyasda kəskin xarakter alan iqtisadi kataklizmlərin milli iqtisadiyyata təsirlərinin aradan qaldırılması üçün həyata keçirilən çevik islahatlar proqramının ilk növbədə sosial rifah halının, o cümlədən ailə təsərrüfatlarının həmin təsirlərdən qorunmasına istiqamətləndiyini diqqətə çatdırıb: “Belə iqtisadi şəraitdə bir tərəfdən sosial müdafiə sisteminin gücləndirilməsi və ölkə əhalisinin əhəmiyyətli bir hissəsinə yönələn və ailə təsərrüfatlarının gəlir mənbələri sırasında olan sosial ödənişlərin (pensiya, müavinət, təqaüd və s.) artırılması təmin edilib, digər tərəfdən, yeni iş yerlərinin yaradılması prosesinin və aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi, xüsusən dövlət başçısının sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü üzrə həmin proseslərin geniş miqyas alması iş yerlərinin itirilməsi və əmək bazarında gərginlik riskinin aradan qalxmasına imkan verib. Nəticədə əmək resurslarının məşğulluğunda azalmaya deyil, artımın davam etməsinə nail olunub. Təsadüfi deyil ki, cari ilin 9 ayında da məşğulluq mərkəzlərinə iş üçün müraciət edənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən təqribən iki dəfə azalıb. Cari ildə ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun 2,5 faiz artımı şəraitində yeni iş yerlərinin yaradılması prosesinin davam etdirilməsi işsizliyin aşağı səviyyədə saxlanmasını təmin edir”.

Nazir muzdla çalışan işçilərin sayında da artımın qeydə alındığını, rəsmi statistikaya əsasən bu il sentyabrın 1-nə olan məlumata görə, ölkədə muzdla çalışan işçilərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 min nəfər artaraq 1526,3 min nəfər təşkil etdiyini bildirib. Nazir həmçinin əmək bazarında müsbət meyllərin davamı olaraq, bu ilin yanvar-avqust aylarında orta aylıq əmək haqqının əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,4 faiz yüksələrək 524,7 manata çatdığını qeyd edib: “Təbii ki, həmin pozitiv proseslər nəticə etibarilə ev təsərrüfatlarının gəlirlərinin artırılmasına və sabit rifah səviyyəsinin qorunub saxlanmasına imkan yaradır. Ümumilikdə bu gəlirlərin dinamikasında ildən-ilə artım özünü göstərir. Buna misal olaraq, 2011-2016-cı illərdə ev təsərrüfatlarında adambaşına düşən aylıq gəlirlər 55,3 faiz, o cümlədən həmin gəlirlərin tərkibində muzdlu əmək fəaliyyətindən gəlirlər 58,6, kənd təsərrüfatından gəlirlər 45,5, sahibkarlıq və özünüməşğulluq fəaliyyətindən gəlirlər 58,1 faiz artıb. Ev təsərrüfatlarında adambaşına düşən aylıq gəlirlər sırasında pensiya və sosial müavinətlər, sosial yardım üzrə olan gəlirlər isə həmin dövrdə 48,6 faiz çoxalıb.

Son 5 ildə ev təsərrüfatlarında adambaşına düşən aylıq gəlirlərin eyni dövrdəki artımı ev təsərrüfatlarında adambaşına düşən aylıq istehlak xərclərinin artımını üstələyib və bunu ev təsərrüfatlarının iqtisadi şokların təsirlərindən müdafiəsi istiqamətində aparılan siyasətin müsbət nəticəsi kimi qiymətləndirmək olar”.

Nazir bildirib ki, həssas qrupların rifah halının dəstəklənməsində aktiv vasitələrlə onlara öz potensialları müqabilində gəlir imkanlarını artırmaq imkanlarının yaradılması ən optimal yoldur: “Ona görə də biz sosial müdafiə siyasətini aztəminatlı ailələrin sosial yardım sistemindən asılılığının aradan qaldırılması ilə onların kiçik ailə biznesinə keçidini nəzərdə tutan yeni keyfiyyət müstəvisində inkişaf etdiririk. Cari ildən özünüməşğulluq proqramı çərçivəsində belə ailələrin fərdi təsərrüfatlarını yaratmaları üçün təmənnasız olaraq dövlət tərəfindən mal və materiallarla təminatı həyata keçirilir. Növbəti ildən proses kifayət qədər geniş məcrada davam etdirilməklə, qarşıdakı dövrdə həmçinin beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq imkanları da həmin ailələrlə bağlı aktiv dəstək mexanizmlərinin gücləndirilməsinə yönəldiləcək”.

Görüşdə nazir əmək və sosial müdafiə sahəsində son illərdə aparılan islahatlar, bu sahələrdə avtomatlaşdılmış sistemlər haqqında məlumat verib, bu islahatların eyni zamanda sosial cəhətdən həssas qrupların sosial təminat sisteminə əlçatanlığına şərait yaratdığını bildirib. Nazir missiyanı habelə əmək bazarının səmərəli tənzimlənməsinə və qeyri-formal məşğulluğun aradan qaldırılmasına yönələn tədbirlər kompleksi barədə də məlumatlandırıb.

Dünya Bankının Azərbaycanda rifah və rifahın paylanması ilə bağlı təhlil üzrə missiyasının tapşırıq qrupu üzrə rəhbəri Moritz Meyer və missiyanın üzvləri ölkəmizdə dayanıqlı iqtisadi inkişafa yönələn islahatlarda sosial rifah amilinin ön planda saxlanmasının Dünya Bankı tərəfindən daim müsbət dəyərləndirildiyini qeyd ediblər. Onlar ev təsərrüfatlarının gəlir imkanlarının artırılması istiqamətində aparılan siyasətin, o cümlədən aztəminatlı vətəndaşların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsinin təqdirəlayiq olduğunu bildiriblər.

Missiyanın baş iqtisadçısı Alan Fuks bir sıra ölkələrdə apardıqları araşdırmalar və onların nəticələri barədə məlumat verib. Missiya üzvləri son iqtisadi dəyişikliklərin sosial rifaha təsirlərinin müəyyən olunması ilə bağlı Azərbaycanda da yeni sorğunun keçirilməsinin məqsəduyğun olduğunu söyləyiblər.

Görüş ən son iqtisadi dəyişikliklərin rifaha təsirlərinin müəyyən olunması yolları, yoxsul və həssas ailələrin müdafiəsini təmin edən siyasətin məlumatlandırılmasına dair fikir mübadiləsi ilə davam edib.

AzVision.az

Teqlər: ƏƏSMN