Səyyar “ASAN Xidmət” 9 məntəqədə

Səyyar “ASAN Xidmət” 9 məntəqədə
  31 Oktyabr 2017    Oxunub:1864
Səyyar ASAN xidmət 30 oktyabr-28 noyabr tarixində Salyan şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Bu barədə AzVision.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib. Qeyd olunub ki, 2-31 oktyabr tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində səyyar formada kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC və “Azəriqaz” İB) təqdim olunacaq. Bundan başqa, səyyar avtobuslar 23 oktyabr-11 noyabr Ağsu rayonu, 23 oktyabr-6 noyabr Qaradağ rayonunun Sahil qəsəbəsi, Göygöl şəhəri, 27 oktyabr-25 noyabr Qusar, Yevlax və Biləsuvar şəhərləri, 27 oktyabr-6 noyabr Oğuz şəhəri, 28 oktyabr-11 noyabr H.Z.Tağıyev qəsəbəsində vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Qeyd edək ki, Səyyar "ASAN Xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

AzVision.az


Teqlər: ASAN-Xidmət   Səyyar-ASAN  





Xəbər lenti