NATO tribunasından verilən Qarabağ mesajları

  24 Noyabr 2017    Oxunub : 1817
NATO tribunasından verilən Qarabağ mesajları

Belçika Krallığına işgüzar səfər edən Azərbaycan prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb. Görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev və NATO baş katibi Y.Stoltenberq mətbuata bəyanatla çıxış ediblər.

Mətbuata verilən bəyanatlarda NATO-Azərbaycan əlaqələrinin inkişaf etdiyi vurğulanıb. Stoltenberq bəyan edib ki, NATO Azərbaycanla əməkdaşlığa sadiqdir. Görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Baş katib Qarabağ probleminə xüsusi diqqət ayıraraq, münaqişənin sülh yolu ilə həllinin vacibliyini diqqətə çatdırıb.

“Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi narahatlığa səbəb olan məsələdir. Aydındır ki, bu münaqişənin hərbi yolla həll olunması imkanı yoxdur və NATO bu məsələdə birbaşa rola malik deyil. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin işini dəstəkləyirik və Ermənistan prezidenti ilə bərpa etdiyiniz dialoq barədə eşitdiyim xəbər məni ruhlandırdı. Biz münaqişənin həllinin danışıqlar yolunun davam etdirilməsini və vəziyyətin gərginləşməsinə yol verilməməsini dəstəkləyirik” - Yens Stoltenberq bildirib.



Azərbaycan prezidenti isə öz çıxışında NATO ilə əlaqələrimizin müsbət templə inkişafından bəhs edib. Eyni zamanda Azərbaycan reallıqlarını qarşı tərəfin diqqətinə çatdırıb.

Ölkə başçısı NATO görüşündə, həmçinin Azərbaycanın iqtisadi inkişaf tempindən, əldə edilən nailiyyətlərdən, ölkəmizin ümumi daxili məhsulunun son 14 ildə 3 dəfə artmasından, Azərbaycanda yoxsulluğun 49 faizdən 5 faizə enməsindən, işsizliyin 5 faiz səviyyəsində olmasından, xarici borcun ümumi daxili məhsulun 20 faizindən aşağı səviyyədə olmasından, valyuta ehtiyatlarının təxminən ümumi daxili məhsula bərabər olmasından, aparılan dərin iqtisadi, siyasi islahatlardan danışıb.

Prezident eyni zamanda ən böyük problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real vəziyyəti bir daha NATO rəhbərliyinin diqqətinə çatdırıb. Xüsusilə qeyd edib ki, münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi hələ də icra olunmamış qalır.



“Regional təhlükəsizlik üçün ən böyük təhlükə Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişədir. Uzun illərdir ki, ərazilərimiz erməni işğalı altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb və əfsuslar olsun ki, vəziyyət dəyişməz olaraq qalır. ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin prezidentlərinin status-kvonun qəbuledilməzliyi və dəyişməli olduğu ilə bağlı bəyanatlarına rəğmən Ermənistan status-kvonu mümkün qədər çox saxlamaq istəyir. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistan iyirmi ildən artıqdır ki, bu qətnamələri icra etmir. Münaqişə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır”, - deyə Prezident Azərbaycanın haqq səsini bir daha dünyanın diqqətinə çatdırıb.



Azərbaycan prezidenti İlham Əliyevin NATO baş katibi ilə görüşünü AzVision.az-a şərh edən millət vəkili Elman Nəsirovun fikrincə, ölkə başçısının Azərbaycan həqiqətlərini NATO-da bəyan etməsi dünyaya mühüm mesajdır. Məqsəd isə ondan ibarətdir ki, NATO rəhbərliyi səviyyəsində Ermənistanın işğalçı əməllərinə qiymət verilsin, ona qarşı təzyiq mexanizmlərinin işə salınmasında alyansın rolu olsun:

“Ən başlıcası NATO bu məsələlərdə beynəlxalq hüququn ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipinin təmin edilməsində öz dəstəyini göstərməlidir. NATO-nun baş katibi çıxışında bildirdi ki, onlar Qarabağ ətrafında baş verən proseslərdən tam məlumatlıdırlar. Eyni zamanda Stoltenberq qeyd etdi ki, münaqişənin həlli hərbi yox, danışıqlar yolu ilə olmalıdır. NATO-nun bu münaqişənin həlli ilə məşğul olmadığını qeyd edən baş katib bəyan etdi ki, ATƏT-in Minsk qrupunun davam etdirdiyi prosesə dəstək verə bilər”.

E.Nəsirov hesab edir ki, Azərbaycan üçün NATO-nun dəstəyi, münaqişənin həllinə maraqlı olması olduqca əhəmiyyətlidir: “NATO-nun ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləməsi vacibdir. Bu dəstək onun üçün vacibdir ki, münaqişə beynəlxalq hüququn ərazi bütövlüyü çərçivəsində həllini tapsın”.

Ümumilikdə isə dünyanın ali tribunalarından hesab olunan NATO-da Qarabağ probleminin qaldırılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi, Azərbaycanın zirvə toplantısına dəvət olunması ölkəmizin strateji əhəmiyyətindən və Avropa üçün önəmindən xəbər verir. Qərb artıq anlayır ki, onlara uçurumun bir addımlığında olan Ermənistan yox, Azərbaycan kimi güclü tərəfdaş lazımdır.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: İlham-Əliyev   NATO