Yeni ildə Azərbaycana turist axını gözlənilir

Yeni ildə Azərbaycana turist axını gözlənilir
  28 Noyabr 2017    Oxunub:2480
Yeni il ərəfəsində Azərbaycana ən çox turist MDB ölkələrindən gələcək.

Bu barədə AzVision.az-a Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib. Qurum rəsmisi bildirib ki, Azərbaycanda qış turizmində ən pik dövr dekabrın 25-dən yanvarın 13-də qədər olacaq.
“Həmin dövrdə əksər MDB ölkələrində qış tətilləri olacaq. Aviaşirkətlərlə danışıqlar aparılıb, dekabrın 25-dən Azərbaycana gəliş çoxalacaq. Yanvar 13-dən isə Azərbaycandan gediş artacaq. Həmin dövr üçün Bakı və regionlarda bir sıra tədbirlər gözlənilir.

Məsələn, Qəbələyə Ukraynadan axın olacaq, çünki orada yanvarın 4-dən 11-ə qədər festival hazırlanıb. Festivalda Ukraynanın populyar şou adamları çıxış edəcək və ora çarter reyslər olacaq. Tufandağ və Şahdağ Turizm kompleksləri, həmçinin Bakıda otellər gücləndirilmiş rejimdə işləyəcəklər”.

K.Quluzadə bildirib ki, MDB ölkələri ilə yanaşı, digər ölkələrdən də Azərbaycana turist axını davam edəcək.

“Turistlərin gəlişi ilə bağlı azalma olmayacaq. Artım gözlənilir. Artıq turizmlə bağlı illik 20 faiz artım var. Azərbaycana gələn turistlərin 30 faizini, üçdə birini Rusiya vətəndaşları təşkil edir. İkinci yerdə Gürcüstan, 3-cü yerdə İran vətəndaşlarıdır. Körfəz ölkələrindən gələn turistlərin sayı ümumi sayın 20 faizini təşkil edir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Turizm  





Xəbər lenti