Azərbaycan UNESCO-nun donor ölkəsinə çevrilib
Tədbirdə çıxış edən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri, xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin UNESCO-da 25 illik fəaliyyəti dövründən gördüyü uğurlu işlər haqda tədbir iştirakçılarına məlumat verib. Azərbaycanın UNESCO dəyərlərinə sadiq olduğunu vurğulayan nazir prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin UNESCO ilə təhsil, elm və mədəniyyət sahələrində sıx əlaqələr qurduğunu və bunun nəticəsi olaraq Azərbaycanın UNESCO-nun nüfuzlu üzvünə və donor ölkəsinə çevrildiyini qeyd edib.
Azərbaycan-UNESCO ikitərəfli əməkdaşlığına toxunan E. Məmmədyarov bu münasibətlərin daha da intensiv və dinamik səviyyəyə çatdırılmasında Azərbaycanın I vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əvəzsiz rolundan danışıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir ölkəmizin 20 faiz ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini və bu işğal nəticəsində Azərbaycana məxsus olan tarixi və mədəni abidələrin, məktəblərin və kitabxanaların, eyni zamanda məscidlər və məzarlıqların qəsdən məhv edildiyini söyləyib. Nazir Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən bu mənfur əməllərin daim UNESCO qarşısında qaldırıldığını xüsusi olaraq qonaqların diqqətinə çatdırıb.
Sonda E. Məmmədyarov Azərbaycanın UNESCO ilə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Sonra Milli Komissiyanın sədr müavinləri-mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AMEA-nın prezidenti Akif Əlizadə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, təhsil naziri səlahiyyətlərini icra edən, nazir müavini Ceyhun Bayramov, eləcə də Milli Komissiyanın üzvü-“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov ölkəmiz ilə UNESCO arasında son 25 il ərzində görülmüş uğurlu əməkdaşlıq fəaliyyəti haqda tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Yubiley tədbiri Azərbaycanın UNESCO siyahılarında yer alan maddi və qeyri-maddi mədəni irs nümunələrinə həsr olunmuş sərginin nümayişi və UNESCO-nun Yubileylər Proqramına daxil edilmiş görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600 illik yubileyinə həsr edilmiş konsert proqramı ilə davam edib.
AzVision.az