Eyni gündə dünyaya gələn 3 Milli Qəhrəman

  05 Yanvar 2018    Oxunub : 2968
Eyni gündə dünyaya gələn 3 Milli Qəhrəman
Bu gün Azərbaycanın 3 Milli Qəhrəmanı - Şirin Mirzəyev, Elgiz Kərimov və Naiq Yusifovun doğum günüdür.

AzVision.az-ın məlumatına görə, Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açıb. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb.
Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olub və 1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıdıb. 1988-ci ildə Hərbi Siyasi Aakdemiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçib. 1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib gətirdi. Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi. 1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu min bir əziyyətlə yaratdı. Bu, o dövr üçün çox zəruri bir addım idi. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradıldı.

Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi. 1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradıldı və ürəyi Vətən sevgisilə çırpınan podpolkovnik Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçildi. Ş.Mirzəyevin döyüş yolu respublikada örnək ola biləcək bir yoldur. Onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sırxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edildi. Ağdam rayonunun 120 km-lik ərazisi müdafiə edilirdi.

O 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib. Və 1993-cü il fevral ayının 5-də Şirin Mirzəyevin şəxsi təşəbbüsü ilə yaradılmış tədris taboru ləğv edildi.

Elgiz Kərimov 5 yanvar 1971-ci ildə Bərdə rayonunda dünyaya gəlib. 1987-ci ildə orta təhsilini başa vurub, elə həmin il hərbi xidmətə çağırılıb. Elgiz hərbi xidmətini başa vurub Bərdəyə qayıtsada, ön cəhbəyə könüllü, ürəkli gedənlərdən biri oldu. Erməni işğalçılarının Vətənimizə hücumu ilə barışa bilməyən Kərimov 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq Vətəninin müdafiəsinə qalxdı.

Elgiz Kərimov Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı neçə-neçə erməni yaraqlısını məhv etdi. Bu döyüşdə göstərdiyi igidlikdən sonra gənc əsgərin adı dillər əzbəri oldu. İştirak etdiyi bütün döyüşlərdə böyük rəşadət göstərən qəhrəman 1992-ci il 12 martda mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gəldi. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarıldı, döyüşçülərimiz azad edildi. Lakin bu döyüşdə Vətənimizin daha bir igid oğlu düşmən gülləsinə tuş gəldi. 21 yaşlı cəsur döyüşçümüz canından əziz tutduğu torpağı uğrunda qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Kərimov Elgiz Kərim oğlu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Bərdə rayonunda dəfn edilib.

Naiq Yusifov 5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində dünyaya gəlib. 1987-ci ildə burada orta məktəbi bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılıb. Naiq əsgəri xidmətini başa vurduğu dövrdə respublikamızda gərgin vəziyyət yaranmış, Azərbaycanın Ermənistanla sərhəd bölgələri, demək olar ki, nəzarətsiz qalmışdı. O dövrdə hələ Milli Ordu yaradılmadığına görə ərazilərə yalnız yerli özünümüdafiə dəstələri nəzarət edirdilər. Naiq də öz növbəsində Vətən borcunu yerinə yetirmək yolunda ilk addım kimi kənddə yaradılmış özünümüdafiə dəstəsinə yazılır. Naiqin "Çənlibel" deyilən yerdə keçirdiyi ilk uğurlu döyüşü onu növbəti sınaqlara daha da ruhlandırır.

24 mart 1992-ci ildə Erməni quldurları Tovuz rayonunun Koxa Nəbi kəndinə hücuma keçirlər. Naiq özünü döyüş yerinə çatdıranda kənd od içində yanırdı. O, cəld qumbaraatanı düşmənin PDM-nə tuşlayır. Bir an içində maşını alov bürüyür. Naiq döyüş yoldaşlarını mühasirədən xilas etmək üçün öz canını fəda edir. İrəliyə atılan igid döyüşçünü qumbara qəlpəsi yerə yıxdığından ayağa qalxa bilmir. Lakin ona yaxınlaşan quldurlara avtomatdan atəş açır. Vətənimizin cəsur oğlu düşmən əlinə keçməmək üçün axırıncı qumbarasını sinəsinə sıxır. Bununla da son nəfəsində özü ilə bərabər ona yaxın erməni quldurunu məhv edir.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Yusifov Naiq Nəsir oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Tovuz rayonunun Ağdam kəndində dəfn edilib. Vaxtilə təhsil aldığı orta məktəb qəhrəmanın adını daşıyır.

AzVision.az

Teqlər: Milli-Qəhrəman   Şəhid