14 mindən çox şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb

14 mindən çox şəxsin ölkədən çıxışı məhdudlaşdırılıb
  22 Yanvar 2018    Oxunub:2151
2017-ci ildə icrası təmin edilən işlərin sayı 60 faizə çataraq 415 mini ötüb, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı 562 milyon manatdan çox vəsait ödətdirilib. Bundan əlavə hesabat dövründə aliment işləri üzrə təqribən 125 milyon manatın tələbkarlara ödənilməsi təmin edilib.
AzVision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyində icra xidmətinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin iştirakı ilə 2017-ci ildə məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə İcra baş idarəsinin rəisi – Baş icra məmuru Nurəddin Mustafayev deyib. Onun sözlərinə görə, icra sənədlərinin icrasından qərəzli boyun qaçıran, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 4.245 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 2.878 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 391 şəxs barəsində cinayət işi başlanılıb.

Həmçinin, 14 mindən artıq borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 3.410 nəfərin məhdudiyyəti isə məhkəmə qərarını icra etdiklərinə görə götürülüb. Qeyd olunmalıdır ki, belə məhdudlaşdırmanın olub-olmaması barədə vətəndaşlara elektron xidmət (https://azvision.az/redirect.php?url=http://exidmet.justice.gov.az/WebForms/VVA_13.aspx) göstərilir. Ötən il bu xidmətdən istifadənin sayı 66 faiz artaraq 1.3 milyona yaxın olub.

İcra işinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər, o cümlədən təsirli icra mexanizmlərinin tətbiqi və məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunması, həmçinin vətəndaş məmnunluğunu yüksəldir. Ötən il icra işləri ilə bağlı şikayət edən vətəndaşların sayı 30%-dək, bilavasitə qəbula gələn şəxslərin sayı isə 2 dəfədən çox azalıb.

AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi   Həbs   Məhkəmə  





Xəbər lenti