Prezidentliyə namizədlər İTV-də ilk debata çıxdılar

Prezidentliyə namizədlər İTV-də ilk debata çıxdılar
  20 Mart 2018    Oxunub:4916
Azərbaycanda 11 aprel tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin İctimai Televiziyada ilk ödənişsiz debatı keçirilib.
AzVision.az xəbər verir ki, namizədlər müəyyən edilmiş ardıcıllıqla çıxış edərək onlara ayrılan vaxt ərzində seçki platformalarını seçicilərə təqdim etməyə çalışıblar.

Dəyirmi masada prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov iştirak edib.

Qeyd edək ki, prezidentliyə namizədlərə İctimai Televiziya və Radio Yayımları Şirkətində həftədə 6 saat vaxt ayrılacaq. 6 saatın 3 saatı namizədlər tərəfindən İctimai Televiziyada, 3 saat isə İctimai Radioda ödənişsiz əsaslarla istifadə olunacaq.

Dəyirmi masa həftənin 1,2 və 3-cü günləri keçiriləcək. İctimai Radioda prezidentliyə namizədlərin dəyirmi masası isə həftənin 1, 2 və 3 günləri saat 19:00-da olacaq. Çıxış üçün hər namizədə 7 dəqiqə 30 saniyə vaxt ayırılacaq.

Bu gün Mərkəzi Seçki Komissiyasında keçirilən püşkatma ilə İctimai Televiziyada həftədə 3 dəfə olmaqla saat 22:00-da başlayacaq dəyirmi masada prezidentliyə namizədlərin çıxış etmə ardıcıllığı müəyyən edilib.

1. Namizədliyi öz təşəbbüsü ilə irəli sürən Zahid Oruc
2. Namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə,
3. Namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev,
4. Namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev,
5. Namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev,
6. Namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədov
7. Namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev,
8. Namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev,

AzVision.az


Teqlər: İTV   Seçki-2018  





Xəbər lenti