"Piyada səkiləri, dayanacaq yerləri zəbt edilib" - Vüsal Kərimli

  19 İyul 2018    Oxunub : 2574
"Piyada səkiləri, dayanacaq yerləri zəbt edilib" - Vüsal Kərimli
"Piyada təhlükəsizliyi ilə bağlı vəziyyət qənaətbəxş deyil. Dövlət başçısının tapşırığına əsasən, hazırda bu sahədə vəziyyətin müsbətə doğru dəyişdirilməsi üçün zəruri tədbirlər görülür"
AzVision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli İctimai Televiziyaya müsahibəsində bildirib. Onun sözlərinə görə, paytaxt rayonları bir-bir təhlil edilir. V Kərimli piyada səkilərinin müxtəlif səbəblərdən zəbt edildiyini diqqətə çatdırıb.

“Obyektlər tikilib, obyektlərin pilləkənları çıxarılıb, obyektə dair reklam lövhələri qoyulub. Yaxud bəzən baxırsan ki, svetafor dirəyi olan yerə əlavə nişan qoyulub. Bunlar isə birbaşa piyadanın hərəkətinə maneə törədir. Eyni vəziyyət dayanacaqlarla bağlıdır. Dayanacaq yerləri zəbt edilib. Piyadalar məcbur olur ki, yolun hərəkət hissəsinə çıxsınlar. Bakı Nəqliyyat Agentliyi bu problemlərin həlli üçün tədbilərin görülməsinə başlayıb”.

Qurum rəhbəri qeyd edib ki, dayanacaqların düzgün yerləşdirilməməsi, işarələrin xaotik olması, eyni zamanda qeyri-qanuni parklama, parklama yerlərinin analiz edilmədən təşkil edilməsi şəhər nəqliyyatına axınına neqativ təsir göstərir.

“Şəhərdə nə qədər avtomobil, istifadəçi olması analiz edilməli, saatlarla, zonalarla bölünməlidir. Burada vahid tarif ola bilər, həm də zonal bölünə bilər. Bu istiqamətdə işlər aparılır. 74 kəsişmədən əlavə olaraq 11 arterial küçədə parklanmanın yenidən təşkil olunmasına baxılacaq. Qış parkında 4 min avtomobillik parklanma olduğu halda küçənin hər iki tərəfindən yerüstü parklanmalar təşkil olunub. Orada biz avtobuslar üçün xüsusi xətt çəkmişdik, və o xəttə keçənlər cərimələnməli idi. Hazırda parklanma o xəttin üzərində təşkil olunub. Bu da nəqliyyat vasitələrinin hərəkətinə mane olur. Parklanmalardan toplanan vəsait də dövlət büdcəsinə getməlidir, amma faktiki bu, belə deyil”.

V.Kərimli bildirib ki, BNA insanları şəhər mərkəzində öz şəxsi avtomobillərindən istifadəyə etməməyə sövq etməyə çalışır.

“Şəhər mərkəzinin çox hissəsində "BakuBus" və müasir tələblərə cavab verən avtobuslar var. İstəyirik ki, insanlar şəhər mərkəzində şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadə etsinlər".

V.Kərimli, həmçinin parklama qaydalarını pozanlara hansı cərimələrin tətbiq olunacağından söz açıb: “Cərimələrin tətbiqi ilə təkliflərdən biri araşdırılır. Məsələn, 1 ay ərzində dayanma, durma qaydalarını pozanlara qaşrı cərimə 4-5 qat daha ağırlaşdırılsın. Sürücülük vəsiqəsi 6 aylıq əlindən alınsın. Bu təkliflərdən biridir. Həmçinin parklanma qiymətləri Bakını müəyyən zonalara görə bölünəcək. Şəhər mərkəzində və rayonlarda fərqli qiymətlər ola bilər. Hazırda yollarda olan parklamalara kimsə 20 qəpik, kimsə də 1 manat verir, standart tarif yoxdur”.

Aytən Zəhra
AzVision.az

Teqlər: BNA   Vüsal-Kərimli