“Məni görmək üçün “lopatka” ilə konsertə gəlirdilər” - MÜSAHİBƏ (VİDEO)

“Məni görmək üçün “lopatka” ilə konsertə gəlirdilər” -  MÜSAHİBƏ (VİDEO)
  11 Dekabr 2018    Oxunub:23149
“Qal, sənə qurban” mahnısı mənə ithaf olunub...

Azvision.az-ın növbəti müsahibi Azərbaycan estrada musiqisinin əvəzolunmaz ifaçılarından biri olan Təranə Vəlizadədir.
Xanım sənətçi ilə yaradıcılığından, gənclik illərindən, mərhum müğənni - həyat yoldaşı Eyvaz Həsənovla ilk ailə duetlərindən danışdıq.

- Təranə xanım, sizinlə qışın astanasında görüşürük. Hansı fəsil əhvalnıza xoş gəlir, ilhamınıza təkan verir?

- Bahar fəslində yer üzü güllərə-çiçəklərə qərq olur. Bu mövsümdə yenilənirəm. Mən baharın qızıyam. Ancaq sənət adamlarının ilham mənbəyi payız fəslidir.



- Müsahibəyə hazırlaşarkən qısa söhbətimiz zamanı dediniz ki, qadının bəzəyi hər zaman üstündə olmalı və gözəl görsənməlidir. Bundan dolayı soruşmaq istərdim, qadını gözəlləşdirən nədir? Əsl qadın necə omalıdır?

- Əgər Allah qadına təbii gözəllik veribsə, bu onda 40 yaşa qədər qalır. 40 yaşdan sonra xarici gözəllik solmağa başlayır və onun yerini iç gözəlliyi alır. Qadının qəlbi, daxili gözəldirsə, onun çöhrəsində əks olunacaq, bir nur, qəşənglik gətirəcək. Yox, əgər daxili çirkindirsə, simasına da vuracaq. Bəzən deyirlər ki, filankəs elə qəşəng idi ki, sonradan xarab oldu. Xarab olanların içi xarabdır.



- Nədənsə, məşhur mahnıdakı "Gedər, ay qız, bu gözəllik, sənə də qalmaz" misraları yadıma düşdü...

- Bəli. Gözəllik qalmır, təbiət verdiyini tədricən insandan geri alır. Onun yerinə ağıl, müdriklik, daxili gözəllik gəlir. Deyirlər, bu necə nurlu adamdır. Deməli, içi gözəldir. Saydıqlarımdan ən gözəli ağıldır. O, hər şeyi həll edir.

- İnsanların dilindən tez-tez “vaxt yoxdur, vaxtım olmadı” kimi ifadələri eşidirik. Maraqlıdır, gününüzü necə bölürsünüz, sizin üçün zaman yetərlidirmi?

- Günün necə keçdiyini adam heç bilmir. Vaxt elə tez keçir ki. Əvvəllər boş vaxtlar olardı, dostlarımızla, rəfiqələrimizlə görüşüb bir yerdə əyləşərdik. İndi bir balaca vaxt məhdudluğu var. Mənə elə gəlir ki, bu tək bir məndə deyil, gənclərdə daha çoxdur. Ancaq biz ahıl insanların dost, rəfiqə qayğısına, get-gələ, ünsiyyətə ehtiyacı var, buna öyrəşmişik.

- İndi hamı sosial şəbəkə vasitəsi ilə ünsiyyət qurur. İnsanların münasibətləri bir növ yadlaşır.

- Amma ürək canlı ünsiyyət istəyir. O daha gözəldir. İnternet baş ağrıdır. Doğrudur, mən də ondan istifadə edirəm. Amma istəmədiyim halda bu axına qoşulmuşam. Onu deyim ki, mütaliəyə də mütləq vaxt ayırıram. Çünki uşaqlıqdan buna vərdiş etmişəm. Atamgildə bir otağımızın 4 divarı döşəmədən tavana kimi kitab rəfi idi. Onuncu sinifdə oxuyanda artıq dünya ədəbiyyatını fəth etmişdim. Sonrakı dövrlərdə isə fəlsəfi kitablar və Quranı oxuyurdum.

- Dinə bağlı insansınız?

- Bəli, mən dindar insanam, 30 ildir ibadətlə məşğulam.



- Dediniz ki, insanın canlı ünsiyyətə ehtiyacı var. Ürəyinizi kimə açmaq istərdiniz?

- Özüm adlı dostum var, yalnız özümə açıram... Amma mənim həmişə əziyyətimi çəkən əziz bacım Xatirə xanımın da adını çəkmək istərdim. O, mənim ürək dostumdur. Dostlarımı, rəfiqələrimi çox istəyirəm. Onları gəncliyimdən saf-çürük edib, qəlbimin süzgəcindən keçirib yaxınıma buraxmışam. Ancaq heç vaxt öz ağırlığımı onlara yükləməmişəm. Çalışmışam yükümü, çətinliyimi öz çiynimə götürüm. Mən mübariz insanam.

- Bəs bu qədər çətinliklər, ağırlıqlar qadın zərifliyindən bir zərrə qopartmayıbmı?

- Qadının gücü onun zəifliyindədir. Bunu filosoflar deyir. Qadın nə qədər zəif və zərifdirsə, o qədər də güclüdür. Ona güc verən isə iç dünyası, ağılı, Allaha söykənməsi və əqidəsidir. Bir yerdəki Allah adlı dostun var, bütün çətinliklərini onunla bölüşürsən, o sənə kömək edər. Dostlar da gözəldir, amma onlara heyfim gəlir, istəmirəm ağırlığımı çəksinlər. Qoy, həmişə şən görsünlər, yanlarında üzü ağ olum.

- Bir az da keçmişə boylanaq. Uşaqlığınız, gəncliyiniz necə keçib? O illərdəki Təranə Vəlizadənin obrazını tanımaq maraqlı olardı...

- Mən sakit, məktəbdə yaxşı oxuyan uşaq olmuşam. Ən çox sevdiyim fənlər isə rus dili və ədəbiyyat olub. Rus sektorunda oxumağıma baxmayaraq, Azərbaycan dilini də yaxşı bilirdim. Anam ana dilimizdə ədəbiyyatdan dərs deyirdi. Məktəbdə rus, evdə isə Azərbaycan dilini öyrənirdim. İki dildə mütaliələr edirdim. Uşaqlıqda bir az xəyalpərəst idim. Şeirlər yazırdım. İlk dəfə şeirim üçüncü sinifdə oxuyanda “Murzilka” jurnalında dərc olunub. Daha sonra “Pioner” qəzetində nəşr etmişdilər. Dünyaya birinci dəfə peyk buraxılması münasibəti ilə şeir yazmışdım.

Gəncliyimə gəldikdə isə deyə bilərəm ki, bütün gənclər təlatümlü olur, harasa tələsirlər. Ən çox da böyüməyə. Kimi şeir yazırdı, kimi mahnı oxuyurdu. Mən isə uşaqlıdan xorda iştirak edirdim, dram dərnəklərinə gedirdim. Həyatım rəngarəng idi. O vaxtı televiziya kanalları çox deyildi ki, bütün günümüz televizora baxmaqla keçsin. Özümüzə kitab oxumaq, dərnəklərə getmək, rəfiqələrlə ünsiyyət qurmaq kimi əlavə məşğuliyyətlər tapırdıq. O vaxtlar dostluqlar daha saf idi. Kimsənin bir-birindən gözləntisi yox idi.



- Dövrünüzün gəncləri necə əylənirdilər, necə geyinirdilər, hara gedirdilər?

- Mən harasa gedib əylənməmişəm. Çünki atam o qədər ciddi insan idi ki, bizi heç yana qoymurdu. Rəfiqələrim bizə gəlirdi. Yalnız dərsə və dərnəyə gedib gəlirdik. Valideyndən icazəsiz bir çöpü buradan götürüb ora qoymamışıq.

-Bəs nə əcəb atanız sənətə gəlməyinizə icazə verdi?

- İcazə vermirdilər. Çox çətinliklə bu sənətə gəldim. Məktəbi bitirdikdən sonra sənədlərimi Asəf Zeynallı adına musiqi məktəbinə verdim. Orada məni yoxlayıb dedilər, musiqi qavramam çox yüksək səviyyədədir. Belə qavrama skripka çalanlarda olur. Mən onlara bildirdim ki, bundan əvvəl skripka ilə məşğul olmasam da, fortepiano üzrə təhsil almışam. Qərar verdilər ki, mən vokal şöbəsinə deyil, xanəndəlik sinfinə gedim. Dedilər, sən muğamı da bacaracaqsan. Halbuki məni estrada cəzb edirdi, vokalçı olmaq istəyirdim. İstəməyə-istəməyə xanəndəliyə getdim. Xanəndəlik sinfində müəllimim Nəriman Əliyev məni ilk dəfə elə qayğı ilə qarşıladı ki. İçəri girib onunla rus dilində danışdım. Bir az söhbət etdik, rusdilli olmağıma işarə edərək dedi, mən buna necə muğam, Füzulinin qəzəllərini öyrədəcəyəm. Ancaq doğurdan da sonra məndə alındı, elə birinci rüb “Şahnaz” muğamını oxudum. Heç kəs inanmırdı ki, mən onu belə asanlıqla öyrənib oxuya bilərəm. İkinci rüb isə “Mirzə Hüseyn” segahını oxudum. Oxuyanda gözümü yumurdum. Gözümü açanda birinci sırada əyləşən Ceyran Haşımova əl çaldı. Dedi, Təranə, mən səni “Lalə” qızlar ansambılında gözləyirəm, sən yaxşı müğənni olacaqsan. Onu da qeyd edim ki, onun ansamblından əvvəl Ağasaleh müəllimin təşkil etdiyi özfəaliyyət dərnəyində oxumuşdum. Buna görə də ansambla gələndə artıq mahnı oxumağı bilirdim. Muğamı da Nəriman Əliyev öyrətmişdi. Doğrudur, Ceyran xanım da mənim üzərimdə çox əziyyətlər çəkdi.



- Beləliklə böyük səhnəyə yol açıldı.

- “Lalə” qızlar ansambılı Azərbaycan televiziyasının nəzdində idi. Biz oranın solisti olduq. Hər ay televiziyada ansamblın canlı konserti olurdu. Səhnəyə ilk çıxandan tamaşaçılar məni sevdi. Səhərisi günü küçədə hamı məni tanıyırdı, yaxınlaşıb xoş söz deyirdilər, müsahibə alırdılar. 17 yaşında arıq, balaca qız idim, özümü itirmişdim. Mənə xallı qız deyirdlər.

Eyvaz bəylə, ailə qurandan sonra isə ansambıldan ayrılıb, yoldaşımla birlikdə Flarmoniyanın solisti oldum. Bəstəkarlar bizə mahnılar təqdim edirdilər. Nəriman Məmmədov, Oktay Kazımi, Ramiz Mirişli və digər gözəl musiqiçilərlə birgə işləyirdik.



- Mahnıları necə seçirdiniz? Heç olurdumu ki, Eyvaz bəyin seçdiyi mahnı sizin və ya sizin seçdiyiniz mahnı onun xoşuna gəlməsin, yaradıcı mübahisə düşsün?

- Yox, elə şey olmurdu. Həyat və səhnə başqa-başqa şeylərdir. Biz səhnədə həmkar idik, bir-birimizə kömək edirdik. Mən hətta rejisorluq da edirdim ki, sən buradan çıx, mən oradan. Və ya o deyirdi, bu sətri sən oxu, qıza daha uyğundur və s. Səhnə həyat deyil, illuziyadır. O gözəl və parlaq görünür. Görünməlidir də. Çünki insanlar gözəllik axtarırlar.

- Bilirik ki,“Qal, sənə qurban” mahnısının sözlərinin müəllifi və ilk ifaçısı həyat yoldaşınız Eyvaz Həsənov olub. Amma sonradan mahnının sözlərinin digər müəllifinin olması ilə bağlı da yazılar oxudum.

- Bu mahnı bizim evdə bəstələnib. Sözləri həyat yoldaşıma, musiqisi isə bəstəkar Bəhram Nəsibova məxsusdur. Doğrudur, çox adam mahnını öz adına çıxdı, amma mən bildiyimi demişəm. “Qal, sənə qurban” mənə ithaf olunub.

3 ay olardı Eyvazla evlənmişdik. Günlərin bir günü hansısa mübahisəyə görə mən küsüb atamgilə getdim. Atamgildə heç kim bilmədi ki, küsülü gəlmişəm. 3 gündən sonra atam biləndə dedi, “nə, küsülü gəlmisən? Dur, gedirik”. Gəldik, yoldaşıma da, mənə də yaxşıca abır verdi. Atam gedəndən sonra stolun üstündə o şeiri gördüm. Eyvaz da çox pis xəstələnmişdi, boğazı şişmişdi, heç danışa bilmirdi. Fikir verin, mahnıda da deyir, “dilsiz, ağızsız canım al , sənə qurban”. Ürəyim ağrıdı ki, mən evdən çıxan kimi bu niyə belə xəstələnib. Şeiri işarə edərək dedi, sənin üçün yazmışam. Bir neçə gün sonra Bəhram müəllim bizə gəldi. Yoldaşımla bərk dost idi. Beləliklə, mahnı bizim evdə yazıldı. Eyvaz avazla onu oxudu. O mahnını çox sevirəm. Kimsə oxuyanda mənə təsir edir ki, ilk ifaçının, Eyvazın adını çəkmirlər. Heç olmasa bir rəhmət oxusunlar.



- Eyvaz bəydən sonra həmin mahnını heç züm-zümə etmisinizmi?

- Ondan sonra oxumamışam. Dilim gəlməyib. Yalnız qulaq asıram. Ümumiyyətlə, digər mahnılarını da oxumamışam.

- Duetləriniz necə qarşılanırdı, tamaşaçı rəğbəti, sevgisi var idimi?

- Sevgi içində üzürdük. Toy məclisinə və ya konsertə gedəndə pionerlər əlllərində güllə bizi gözləyirdilər. Belə sevgi hər müğənniyə qismət olmur. Nə qədər sevilmək olardı.

- O zamanlar sənətçilərə sevgi məktubları vermək bir dəb halını almışdı.

- Əlbəttə, sevgilərini etiraf edənlər də olurdu. Tamaşaçı sevir, nə etmək olardı. Müğənni sevilməlidir də. Ancaq həddini aşanda sədd qoyursan.

- Toylara gedirdinizmi?

- Konsertlərimiz o qədər idi ki, çox vaxt toya getməyə heç macal olmurdu. Mən hansı toya gedirdimsə, əlimi gəlinin başına qoyurdular ki, mənim kimi xoşbəxt olsun. Oxuduğumuz toyda hamı əlini saxlayıb bizi dinləyirdi. Deyirdim, durun oynayın. Deyirdilər, yox, qulaq asırıq.

Rayonlara qastrol səfərlərinə gedəndə izdiham o qədər çox olurdu... Konsertlərimizi klublarda deyil, tarlada verirdik ki, hamı dinləyə, görə bilsin. Bir də görürdün ki, axşamçağı zəhmətkeşlər qaça-qaça əllərində "lopatka" ilə konsertə gəlirdilər. Çoxusu deyirdi, elə uşağı qundaqda qoyub gəlidim ki, sizi görüm.



- Eyvaz bəydan sonra neçə-neçə mahnılar yazdırmısınız. "Tənha qadın", "Sarı gəlin" və digərləri. Amma daha çox onunla olan duetləriniz insanların yaddaşındadır.

- Ola bilər. Bu ilk ailə duetləri idi. Hər şeyin ilki maraqlı olur. Ancaq Eyvaz bəydən sonra yüzlərlə mahnı yazdırdım, yaradıclığımı davam etdirdim. İndi də bir neçə yeni mahnım var. Amma hələ üzə çıxartmamışam, üzərində işləyirəm. Yeni üslubda təqdim etmək fikrim var.

- Təranə xanım, "Oxu gözəl" mahnısını Şövkət Ələkbərova da oxusa da, amma sizin ifanızda daha çox sevildi. Məlahətli səsinizlə mahnıya bir şirinlik qatmısınız. Necə oldu ki, bu mahnını ifa etdiniz?

- Səid Rüstəmovun mahnılarını həmişə sevmişəm və oxumuşam. 3-4 mahnısını lentə köçürtmüşəm. “Oxu gözəl”i 7-8 il bundan əvvəl yazdırmışam. Özüm kimi oxumuşam. Heç kimi təqlid etmədən. Öz nəfəsimi qoymuşam.

Gəncliyimdə Elmira Rəhimovanı və Şövkət Ələkbərovanı çox təqlid etmişəm. Yadıma bir əhvalat düşdü. Deməli, “Lalə” qızlar ansamblının Azərbaycan Dövlət Universitetində konserti idi. Repertuarıma Şövkət xanımın mahnıları da salmışdım. Gördüm Şövkət xanım tədbirdə yoxdur, dedim, yəqin gəlməyib, qoy onun mahnılarını da oxuyum. Oxudum, tamaşaçılar tərəfindən çox yaxşı qarşılandı. Səhnədən kulisə qayıdanda, gördüm, Şövkət xanım gülə -gülə mənə baxır. Yanına çağırıb dedi, qızım bura gəl, getdim. Dedi, sən Şövkət olmaq istəyirsən? Dedim, yox, mən Şövkət ola bilmərəm. Çünki Şövkət xanım bir dəfə dünyaya gəlib. O da qarşılığında “sən çalış qızım, Təranə ol, əgər olsan, daha çox sevilərsən” dedi. Onda birinci kursda oxuyurdum. Bu, mənə dərs oldu.



- Bildiyiniz kimi “Sarı gəlin” mahnımız bizim yaralı yerimizdir. Ermənilər hər yerdə bu mahnını öz adlarına çıxırlar. Sizin “Sarı gəlin”lə bağlı klipiniz də var. Bu mövzuya toxunmaq kimin təşəbbüsü idi?

- Bu, mənim istəyim, ürəyimin yarası idi. Çünki xarici səfərlərdə görürdüm ki, başqa xalqların nümayəndələri bu mahnını öz dillərində oxuyub öz adlarına çıxırdılar. Mənə pis təsir edirdi. Axı bu bizim mahnımızdır. Arxivlərə baş vurdum, mahnının tarixçəsini öyrəndim. 13-cü əsrdə, Azərbaycanda Eldəgizlər sülaləsi dövründə bir padşah Sara adlı xanıma vurulur. Saranın isə ailəsi olur. Atası Xançoban şahın vəziri imiş. Şah istəyirmiş ki, Sara onun hərəmxanasındakı qadınlardan biri olsun. Buna nə Sara icazə verir, nə də atası. Atasının başqa ölkəyə getməyindən istifadə edib Saranı zorla oğurlamaq istəyirlər. Bunu görən qız özünü Arpaçayına atır. Beləliklə, bu əhvalatdan sonra “Apardı sellər Saranı”, daha sonra isə “Sarı gəlin” mahnısı yaranır. Mahnıdakı incə fəlsəfə yalnız bizim bayatılarda ola bilər. Mən fikirləşdim ki, elə bir mahnı yaratmaq lazımdır ki, “Sarı gəlin”in bizim olduğunu təsdiq edək. Gözəl şairəmiz Gülnar Hüseyin şeir yazdı. Millət vəkili, gözəl bəstəkarımız Novruz Aslandan xahiş etdim, mahnı bəstələdi. Heyran oldum, oxuyub klip çəkdirdim. Klipin maddi tərəfini də Novruz Aslan qarşıladı.





Şahanə Rəhimli
Foto: Şahin Sərdarov
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Təranə-Vəlizadə  





Xəbər lenti