“Əli İnsanovun azadlığa buraxılması Prezidentin şəxsi təşəbbüsüdür” - Baş nazirin müavini

“Əli İnsanovun azadlığa buraxılması Prezidentin şəxsi təşəbbüsüdür” - Baş nazirin müavini
  19 Mart 2019    Oxunub:5490
"Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı dövlət başçısının humanistliyinin nümunəsidir"

Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib. O, diqqətə çatdırıb ki, “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam 400-dən artıq insana şamil edilib.
“Prezident müxtəlif qanun pozuntularına yol verdiklərinə görə azadlıqdan məhrum edilən insanları əfv etməklə, onların ailələrinə sevinc bəxş etdi. Bu, ilk deyil, dəfələrlə belə sərəncamlar imzalanıb. Azərbaycan hökumətinin məqsədi insanı cəzalandırmaq deyil, qanunun aliliyini gözləməklə insanı etdiyi səhvdən çəkindirməkdir. Əgər bu adamlar etdiyi səhvi başa düşüblərsə, Prezident humanistlik göstərir və əfv edir”.

Bundan əlavə, Ə.Əhmədov əfv olunan keçmiş səhiyyə naziri Əli İnsanovun verdiyi bəyanata münasibət bildirib: “Prezident onu əfv etməklə humanistliyini nümayiş etdirdi. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, Əli İnsanov azadlığa buraxıldıqdan sonra fərqli açıqlama verdi. Gərək belə etməyəydi. Görürsünüz ki, azadlığa çıxanlar arasında fərqli dünya görüşünə malik insanlar var. Onların hamısı əfv sərəncamını yüksək qiymətləndirdi. Ən azından bu insani borcdur. Əgər sənə qarşı yaxşılıq, humanistlik edilibsə, bu bir insani borcdur ki, ona “sağ ol” deyəsən. Amma biz bunu Əli İnsanovdan görmədik. Bildiyimə görə, Əli İnsanovun azadlığa buraxılması Prezidentin bilavasitə şəxsi təşəbbüsüdür. Bununla bağlı heç bir tərəfdən nə xahiş, nə də istək olub. Hər hansı beynəlxalq təşkilat və ya dövlət Əli İnsanovun azadlığa buraxılması ilə bağlı Azərbaycan hökuməti qarşısında nə vəsatət qaldırıb, nə də xahiş edib.

Əli İnsanovun pis bir bəyanat səsləndirməsi, guya azadlığa çıxmasında hansısa dövlətin xidmətlərinin olması haqqında danışması ona edilən yaxşılığın dərk etməməsi anlamına gəlir. Bu, ən yumşaq şəkildə ifadə ediləndir. Görünür, Əli İnsanov əfv olunmasına baxmayaraq, islah olunmayıb. Buna çox təəssüf edirəm. Hesab edirəm ki, Əli İnsanov səhv addımını başa düşər. Etdiyi səhvlər onun üçün nəticə olmalıdır. O, Prezidentin etdiyi humanizmi qiymətləndirməlidir. Əgər qiymətləndirə bilmirsə, bu, onun hansı keyfiyyətlərə malik olduğunu göstərir”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: YAP   Əli-Əhmədov  





Xəbər lenti