Prezidentdən Azərbaycan xalqına təbrik
- Əziz həmvətənlər, mən sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Novruz bayramı xalqımızın sevimli bayramıdır. Əsrlər boyu Azərbaycan xalqı Novruz bayramını qeyd edir. Bu bayramı biz yaxşı nəticələrlə qarşılayırıq. Azərbaycan uğurla və hərtərəfli inkişaf edir. Qarşıda duran bütün vəzifələr icra edilir. Azərbaycan dövləti dərin milli-mənəvi köklər üzərində qurulubdur. Novruz bayramı bizim milli sərvətimizdir.
Keçən Novruz bayramından ötən dövr ərzində bir çox önəmli hadisələr baş vermişdir. Aprel ayında prezident seçkiləri keçirilmişdir və Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir, böyük dəstək göstərmişdir. Bu dəstəyə və inama görə doğma xalqıma minnətdaram. Mən bu dəstəyi son illər ərzində görülmüş işlərə verilən qiymət kimi qəbul edirəm, eyni zamanda, prezident seçkiləri ərəfəsində elan edilmiş islahatların yeni mərhələsinə göstərilən dəstək kimi qəbul edirəm. Prezident seçkilərindən sonra genişmiqyaslı islahatlar aparılmağa başlanmışdır. Bu islahatların nəticələrini Azərbaycan xalqı artıq görür və bundan sonra da görəcəkdir.
Novruz bayramından iki ay sonra ölkəmizin həyatında çox önəmli hadisə baş vermişdir. May ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. Bu, tarixi layihədir. Bu layihənin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, bizim siyasi və iqtisadi maraqlarımızı qoruyacaq. May ayında digər böyük layihə istifadəyə verildi, biz Ələt Beynəlxalq Dəniz Ticarət Limanının açılışını qeyd etdik. Bu limanın və 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması Azərbaycanı Avrasiya məkanında önəmli beynəlxalq nəqliyyat mərkəzinə çevirib. Biz bu gün uğurla Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə təkan veririk. Azərbaycan hər iki layihədə uğurla fəaliyyət göstərir. Deyə bilərəm ki, bu layihələrdə 10-dan çox ölkə iştirak edir, ancaq yalnız bir ölkə - Azərbaycan həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizlərində fəal iştirak edir və bir çox təşəbbüslərin müəllifi olmuşdur.
İyun ayında digər tarixi hadisə baş vermişdir – TANAP qaz kəmərinin açılışı mərasimi keçirilmişdir. Bu layihənin həyata keçirilməsi bütövlükdə Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması üçün əsas şərtdir. Biz bu tarixi hadisəni uğurla qeyd etdik və bu gün Azərbaycan qazının əlavə həcmi TANAP xətti ilə dünya bazarlarına nəql edilir.
Biz keçən il üçüncü peyki orbitə buraxdıq və bir daha göstərdik ki, texnoloji baxımdan Azərbaycan çox uğurla, sürətlə inkişaf edir. Kosmik sənayenin inkişafı bizim prioritetlərimizdən biridir.
Keçən il biz regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrasını təmin etdik. Proqram artıqlaması ilə icra edildi və üç proqramın icrası böyük dəyişikliklərə gətirib çıxardı. Biz demək olar ki, bütün infrastruktur layihələrimizi yenidən qurduq. Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir. Təkcə onu demək kifayətdir ki, biz üç proqram çərçivəsində elektrik enerjisini ixrac etməyə başlamışıq, ölkə daxilində təminat tam təşkil edilir. Baxmayaraq ki, əvvəlki illərdə biz idxaldan asılı idik. Biz qazlaşdırmanı 95 faizə çatdırmışıq və bu, dünya miqyasında ən böyük, ən yüksək göstəricilərdən biridir. Şəhərlərimizin əksəriyyətinə təmiz içməli su xətləri çəkildi və bu proses davam etdirilir. On beş min kilometr yeni yol çəkildi və Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə yol infrastrukturunun səviyyəsi, keyfiyyəti baxımından Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Sosial infrastruktur obyektləri inşa olundu, 3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikildi və ya yenidən quruldu. İki milyondan çox yeni iş yeri yaradılmışdır. Əhali isə 1,6 milyon artmışdır.
Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Azərbaycan bu gün bir çox ölkələrlə çox səmərəli, işgüzar, ikitərəfli münasibətlər qurub. Bir çox hallarda Azərbaycan çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarıdır. Qonşu dövlətlərlə əlaqələrimiz yeni mərhələyə qədəm qoyub. Hər bir ölkə üçün qonşularla münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Çox şadam ki, biz qonşu ölkələrlə səmərəli, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik. Müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. İslam həmrəyliyinə verdiyimiz töhfə bütün müsəlman aləmində yüksək qiymətləndirilir.
Keçən ilin yay aylarında Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədi paraflandı. Bu, çox önəmli sənəddir. Xüsusilə nəzərə alsaq ki, orada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi paraqraflar var, xüsusi fikirlər əks olunub. Bu, əlbəttə ki, çox önəmli məsələdir, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bunun çox böyük əhəmiyyəti var.
Münaqişənin həllinə gəldikdə, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim tarixi diyarımızdır və münaqişənin tezliklə həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır. Bilirsiniz ki, Ermənistan tərəfi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı məsələlər qaldırıb. Ancaq təbii ki, Azərbaycan bunu qəbul edə bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri - Amerika, Fransa, Rusiyanın nümayəndələri ciddi bəyanat verərək bildirdilər ki, format dəyişməz olaraq qalmalıdır. Həmçinin Avropa İttifaqının yüksək vəzifəli şəxsləri oxşar bəyanatla çıxış etmişlər. Yəni, bu, Ermənistana birmənalı ciddi siqnaldır, eyni zamanda, onu göstərir ki, Azərbaycanın mövqeyi daha da böyük dəstək qazanır.
Münaqişənin həlli regionda sülhün, sabitliyin təmin olunmasına gətirib çıxaracaq. Əlbəttə, Azərbaycan çalışır və çalışacaq ki, bu məsələ tezliklə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapsın.
Biz bununla bərabər, əlbəttə ki, öz hərbi gücümüzü artırırıq. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi gücümüzü bütün dünyaya nümayiş etdirib. Bu il və bundan sonrakı illərdə biz ordu quruculuğu üçün nə lazımsa onu da edəcəyik. Bizim hərbi hissələrimizin demək olar ki, mütləq əksəriyyəti yenidən qurulub. Azərbaycan Ordusu ən müasir texnika ilə təchiz edilir və döyüş qabiliyyətimiz gündən-günə artır. Bu gün Novruz bayramını, o cümlədən Cocuq Mərcanlıda qeyd edirlər. Cocuq Mərcanlının qurulması, bərpası, yenidən oraya həyatın qayıtması bizim tarixi nailiyyətimizdir. Cocuq Mərcanlı bu gün Azərbaycan xalqının əyilməz ruhunun təzahürüdür.
Bildiyiniz kimi, bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub. İslahatlar hərtərəflidir. İqtisadi islahatlar bizə imkan verir ki, əlavə gəlirlər əldə edilsin və büdcə gəlirlərimiz artıb. Bu ilin yanvar-fevral aylarında büdcə daxilolmaları 150 milyon manat səviyyəsində artıbdır. Bu, bizə imkan verir ki, həmin vəsaiti sosial layihələrə yönəldək. Qeyd etdiyim kimi, ciddi islahatlar üzərində işlər keçən il prezident seçkilərindən sonra başlamışdır. Bu gün isə çox ciddi sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan öz maddi vəziyyətini, maliyyə vəziyyətini yaxşılaşdırmış olur. Bildiyiniz kimi, minimum əməkhaqqı və minimum pensiya təxminin 40 faiz artmışdır. Sosial müavinətlər təqribən orta hesabla iki dəfə artmışdır. Köçkünlərə verilən müavinət 50 faiz artmışdır. Tələbələrin təqaüdləri, şəhid ailələrinə verilən müavinətlər, digər sosial ödənişlər artıb. Çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı müvafiq Fərman imzalanıb. Problemli kreditlərin həlli ilə bağlı çox ciddi Fərman imzalanıb. Onu deyə bilərəm ki, bu Fərmanın dünyada bənzəri yoxdur və bu Fərman 800 min insanı əhatə edir. Yəni, Azərbaycan dövləti bir daha göstərir ki, öz vətəndaşının yanındadır.
Bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha da geniş miqyasda öz həllini tapacaqdır. İqtisadi artım isə göz qabağındadır. Bu ilin iki ayında ümumi daxili məhsul 3 faiz artmışdır. Bu, son illər ərzində ən yüksək göstəricidir. Sənaye istehsalı 4,6 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Ancaq ən böyük artım qeyri-neft sektorunda sənaye istehsalına aiddir. Burada artım 15,5 faizdir. Hesab edirəm ki, bu, dünya rekordudur və son illər ərzində aparılan düşünülmüş ciddi iqtisadi islahatlar siyasətinin nəticəsidir.
İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir.
Mən tam əminəm ki, bu ili biz uğurla başa vuracağıq. Bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq.
Əziz həmvətənlər, sizi bu gözəl Bahar bayramı münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun.
Azvision.az