Azərbaycanda Notariat Palatası təsis ediləcək
Ədliyyə sahəsində həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verən İlqar Məmmədov bildirib ki, hazırda Notariat Palatasının Əsasnaməsinin layihəsi hazırlanır. Güman edirəm ki, yaxın vaxtlarda notariusların ümumi yığıncağı keçirilərək Notariat Palatasının Əsasnaməsi qəbul olunacaq və palata təsis ediləcək. Bundan sonra palata fəaliyyətə başlayacaq. Notariat Palatasının yaradılmasının məqsədi notariusların təliminin təşkili və beynəlxalq əlaqələrin möhkəmləndirilməsidir. Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi isə məhz notariusların təlimləndirilməsinə xidmət edir. Bunun da nəticəsində əhaliyə daha keyfiyyətli hüquqi xidmətlər göstəriləcək.
“Bu gün ölkəmizdə iqtisadiyyatın, mülki dövriyyənin inkişafı ilə bağlı notariat xidmətlərinə tələbat artıb. Ona görə müqavilələrin və etibarnamələrin təsdiqinə böyük zərurət var. Bu sahədə Ədliyyə Nazirliyi tərəfindən geniş islahatlar aparılıb. Əvvəllər yalnız dövlət notariusları mövcud idi. Hazırda ölkəmizdə notariusların 83 faizini xüsusi notariuslar təşkil edir. Xüsusi notariuslara keçidin bir sıra üstünlükləri var”, - deyə qeydiyyat və notariat baş idarəsinin rəisi vurğulayıb.
Qeyd edək ki, Notariat Palatasının müvafiq icra hakimiyyəti orqanına notariat fəaliyyətinin səmərəli təşkilində yardım etmək, notariusların peşə hazırlığının artırılması məqsədilə təlimlərin və notarius olmaq istəyən şəxslərin hazırlığının təşkilində iştirak etmək, notariat təcrübəsinin formalaşdırılması üçün notariat hərəkətləri üzrə ümumiləşdirmələr aparmaq, notariat fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək, digər ölkələrin notariusları, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək səlahiyyətləri var. Palata notariusların beynəlxalq təşkilatlarına üzv ola bilər.
Azvision.az
Teqlər: Ədliyyə-Nazirliyi