“Direktoru günahkar kimi göstərmək yanlışdır” - Elina ilə bağlı müzakirə
Əflatun Amaşov bildirib ki, Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən atan Elina Hacıyevanın intiharı ilə bağlı dəqiqləşdirilməmiş məlumatlar yayılıb: “Guya təcili yardım gec çağırılıb, yaxud da məktəbdə ona diqqət ayrılmayıb deyə belə adım atıb. Belə məlumatları cəmiyyətə çatdırarkən diqqətli olmaq lazımdır. Məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanları lazımi addımlar atır və yekun nəticələr də ictimaiyyətə çatdırılır".
Deputat Fazil Mustafa qeyd edib ki, hadisədə bir direktorun və ya müəllimi günahkar kimi göstərmək yanlışdır: "Bu məsələdə əsas hədəf cəmiyyət götürülməlidir. Hadisə məktəbdə baş verdiyindən insanlar əsas yükü ora yönəldir. Məktəblərdə həqiqətən də bir çox problemlər mövcuddur. Lakin intihar hallarını bütövlükdə məktəblə əlaqələndirmək düzgün deyil. İntiharların əsas qaynağı cəmiyyətin içərisində olan düşüncələrdən meydana çıxır. Bəzən müəllim valideynin qorxusundan hər hansı irad bildirə bilmir. Çünki sonradan günahkar kimi qalır. Ona görə də ilk olaraq cəmiyyət arasında bu sahədə olan problemi tapıb, onu həll etməyə yönəlməliyik".
Təhsil eksperti Şahlar Əsgərov isə deyib ki, son zamanlar dəyərlər sisteminə qarşı ciddi hücumlar var: "Bununla da insanların məhvinə gətirib çıxarırıq. Məktəb direktorları ictimai şura qarşısında hesabat versələr daha yaxşı olar. Direktor şagird arasında heç bir fərq qoymamalıdır".
Deputat, 295 nömrəli məktəbin direktoru Dilarə Cəbrayılova vurğulayıb ki, sosial şəbəkələrdə məktəbin adının bu qədər hallanması mənfi təsir bağışlayır: "Hələ araşdırmanın nəticəsi məlum olmadan fikir bildirmək düzgün deyil. Baş verən hadisələrə nəzər yetirsək görərik ki, müəllim-valideyn-şagird münasibəti düzgün qurulmayıb. Orada psixoloq işi təşkil olunmayıb. Dəfələrlə səsləndirirəm ki, məktəblərdə psixoloq ştatını artırmaq lazımdır".
Tədbir mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.
Qeyd edək ki, 4 aprel tarixində 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağ ciyərin, yumşaq toxumaların əzilməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzinə yerləşdirilib. İki gün sonra xəstəxanada dünyasını dəyişib. Onun ölümü ilə bağlı mətbuatda təzadlı məlumatlar yayılmaqdadır.
Aytən Zəhra
Azvision.az
Teqlər: Mətbuat-Şurası Elina