Naxçıvanda pulsuz ürək əməliyyatı

Naxçıvanda pulsuz ürək əməliyyatı
  12 Aprel 2019    Oxunub:3327
Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortadan yararlanan daha bir nəfərin üzərində pulsuz cərrahi əməliyyat aparılıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, icbari tibbi sığorta olunan Sədərək kənd sakini 49 yaşlı Vidadi Rzazadə Sədərək Rayon Mərkəzi Xəstəxanasına ürək nahiyəsində yaranan ağrı ilə müraciət edib və müayinə olunub. Müayinə nəticəsində onun ürəyində ciddi problemlər aşkar edilib.



O, xəstəxana tərəfindən Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə göndərilib. Mərkəzin kardioloqangioqrafı Nail Mehbalıyev tərəfindən 2 balon və 3 ədəd dərmanlı stend vasitəsilə damarlarda yaranmış problemlər aradan qaldırılıb və ürək qan dövranı tam bərpa edilib. Birgünlük həkim müşahidəsindən sonra xəstə sağalmış halda təxliyə olunub.

Vidadi Rzazadəyə göstərilən bütün tibbi xidmətlərin xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanıb.

Qeyd edək ki, bu ilin ilk rübündə 9 nəfər icbari tibbi sığorta ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına, Diaqnostika-Müalicə Mərkəzinə, Doğum Mərkəzinə və Kardioloji Mərkəzə müalicəyə göndərilib.

Azvision.az



Teqlər: Naxçıvan   Sədərək  





Xəbər lenti