Ötən il Azərbaycanda 7 nəfərə ömürlük həbs verilib

  Ötən il Azərbaycanda 7 nəfərə ömürlük həbs verilib
  12 Aprel 2019    Oxunub:6030
Ötən il Azərbaycanda birinci instansiya məhkəmələrində baxılan işlər nəticəsində 7 nəfər ömürlük azadlıqdan məhrum edilib.

Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, 2017-ci ildə ömürlük azadlıqdan məhrum edilənlər 5 nəfər olub.
Məlumata əsasən, 2018-ci ildə birinci instansiya məhkəmələrində 62110 inzibati xəta törətmiş şəxslərin inzibati xətalar haqqında işlərinə baxılıb, 39 091 şəxs inzibati məsuliyyətə cəlb edilib.

Ötən il birinci instansiya məhkəmələrində baxılan işlər nəticəsində məhkum olunanların sayı 12433 nəfər olub. 6374 nəfəri müəyyən müddətə azadlıqdan məhrum edilib. 2216 nəfər 2 ilə qədər, 2752 nəfər 2 ildən 5 ilə qədər, 1031 nəfər 5 ildən 10 ilə qədər, 375 nəfər 10 ildən 20 ilə qədər azadlqdan məhrum olunub. 141 nəfər isə ictimai işlər üzrə, 1247-si islah işləri üzrə cəzalandırılıb.

Bundan əlavə, müvafiq dövr ərzində 1662 nəfərə cərimə tətbiq edilib. Şərti məhkum olunanların sayı 1648 nəfərdir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum olunanların sayı isə 12 nəfərdir.

Aytən Zəhra
Azvision.az



Teqlər: Statistika   Həbs   Ömürlük  





Xəbər lenti