İnam Kərimov Goranboyda fermerlərlə görüşüb - FOTOLAR

İnam Kərimov Goranboyda fermerlərlə görüşüb -    FOTOLAR
  20 May 2019    Oxunub:2054
Goranboy rayonunda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə aqrar sahədə mövcud vəziyyət və qarşıda duran vəzifələr mövzusunda fermerlərlə görüş keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a verilən məlumata görə, Mədəniyyət Sarayında keçirilən görüşə 300-dək fermer qatılıb. Görüşdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbər heyəti, rayon icra hakimiyyəti strukturunun məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf mərkəzlərinin nümayəndələri də iştirak ediblər.



Kənd təsərrüfatı naziri İnam Kərimov fermerlərlə görüşdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ölkədə aqrar sahə qeyri-neft sektorunun aparıcı sahəsi elan edilib: “Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir. O cümlədən aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Biz fəaliyyətimizdə fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsiplərini əsas götürürük. Bu cür görüşlərin keçirilməsində məqsəd fermerlərin qayğı və problemlərini dinləmək, təxirəsalınmaz tədbirlər görməkdir”.

Nazir kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.



Fermerlərlə aktiv dialoq formatında keçirilən görüş üç saata yaxın davam edib. Görüşdə suvarma suyunun çatışmazlığı, mineral gübrələr, herbisidlər, dərmanlar və texnika təminatı, aqrar sahənin kreditləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fermerləri maraqlandıran suallar nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

Görüş iştirakçılarına mayın 20-də Şəmkir rayonunda keçiriləcək kənd təsərrüfatı texnikasının satış yarmarkası barədə məlumat verilib, fermerlər ölkənin müxtəlif rayonlarında keçiriləcək satış yarmarkalarda aktiv olmağa çağırılıb.



Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.

Qeyd edək ki, kənd təsərrüfatı naziri İnam Kərimov aprel-may aylarında Saatlı, Sabirabad, Ucar, Qəbələ, Salyan, Neftçala, İsmayıllı, Ağsu rayonlarında fermerlərlə səyyar görüşlər keçirib. Fermerlərlə səyyar görüşlər davam etdiriləcək.

Azvision.az


Teqlər: İnam-Kərimov   Goranboy   Fermer  





Xəbər lenti