Miskin taxt oyunları və əsas siyasi nəticə - VİDEOKÖŞƏ

   Miskin taxt oyunları və əsas siyasi nəticə -    VİDEOKÖŞƏ
  21 May 2019    Oxunub:4676
“Taxt Oyunları”nın finalı fanatların çoxunu məyus elədi. Hər kəs düşünür ki, 10 illik möhtəşəm epopeya bu cür minor notlarla bitməməli idi. Sual açıq qalır: filmin ssenartistləri bacarıqsızlıqdanmı bunu belə ediblər, yoxsa, bilərəkdənmi?


Açığı, “Game of Thrones” komandasını naşılıqda ittiham etmək üçün şir ürəyi yemək lazımdır. Mən isə hazırda pəhrizdə olduğumdan, ikinci varianta meyillənirəm. Ona görə də, yadıma Koen qardaşlarının 2010-cu ildə çəkdikləri “True grit” filmi düşür. Baxmayanlara məsləhət görürəm, hələlik isə söhbəti davam etdirə bilmək üçün qısaca deyim ki, filmin mövzusu nə idi.

14 yaşlı bir qız atasının qatilindən qisas almağı həyatının əsas mənasına çevirir. Bütün ömrü bunun üzərində qurulur. İstəyinə də çatır, amma sonra... Sonra elə bir həyat başlayır ki, istər-istəməs soruşmağın gəlir: Nə olsun? Bütün o fədakarlıqlar, çətinliklər, məqsədə doğru zülmlə atılan addımlar buna dəyirdimi?

Əgər qəbul etsək ki, “Taxt Oyunları”nın sonu naşılıqdan yox, bilərəkdən o cür düşünülüb, onda eyni fəlsəfəni burada da axtarmaq olar: Bütün o 10 illik epopeya ərzində keçilən yollar, personajların addım-addım inkişafı bunun üçün idimi? Taxtın uğrunda bütün bunlara dəyərdimi?

Bu, vacib sualdır. Çünki başqa bir sual da doğurur: Niyə belə oldu? Hadisələr harada bu cür sonluğu labüdləşdirən yanlış istiqamətə döndü?

Bu suala cavab vermək üçün siyasətin ən önəmli qanunlarından birini yada salmayıq: Oyunda tərəflər arasında balansın qorunması vacibdir. Balans pozulanda, tərəflərdən biri həddindən artıq güclənəndə həmin gücü idarə edə bilməmək problemi yaranır. Daha doğrusu, tarazlığın yoxluğundan qaynaqlanan güc başlayır öz sahibini idarə etməyə. Məhz buna görə serialda 10 il demokratiyanın simvolu olan, “azadlıq carcısı”, “məzlumların pənahı” Deyeneris Tarqarian sonda faktik diktatora çevrilir.

Siyasətdə hər bir fiqur yalnız nəzarətdə saxlanıla bildiyi qədər təhlükəsizdir. Ətrafındakılar ona nəzarət imkanlarını itirəndə isə təhlükəyə çevrilməyə başlayır. Ona görə, həqiqətən ağıllı siyasətçi çalışar ki, hətta balansı öz xeyrinə dəyişmək imkanı olanda belə, tarazlığı pozmasın. Çünki bu halda tarazlığın pozulmasından narazı qalanlar mütləq ona qarşı birləşəcəklər.

“Taxt oynları”nın süjeti fentezi fabulasında inkişaf etsə də, orada proseslər real siyasətin qanunları əsasında baş verir. Con Snounun aqibəti onu göstərir ki, real siyasətdə idealistlərin axırı necə olur. İdealistlər özlərindən çox, komandaları üçün təhlükəlidirlər, çünki siyasət onların yeri deyil.
“Taxt oyunları”nı izləyənlərin çoxu axırıncı bölümü görəndən sonra 10 il bu seriala azarkeşlik etdiklərinə görə bir üzgünlük hissi keçirdilər. Hətta 8-ci sezonun yenidən çəkilməsi üçün petisiya da yaradılıb, artıq milyondan çox insan onu imzalayıb...

Amma inanın, sadəcə, bu dərsləri mənimsəmək üçün 10 il həmin seriala baxmağa dəyərdi. Çünki siyasətdə bəzən adi görünsə də, əsas qaydaları bilməmək, əməl etməmək ən epik macəranın belə, miskin sonluqla yekunlaşmasına gətirib çıxara bilər. Bunun özü də bir qaydadır.

Vüsal Məmmədov
Azvision.az



Teqlər: Game-of-Thrones  





Xəbər lenti