Ermənistan Mxitaryandan təxribatçı məqsədlər üçün istifadə edir

Ermənistan Mxitaryandan təxribatçı məqsədlər üçün istifadə edir
  22 May 2019    Oxunub:3122
Ermənistan XİN-in mətbuat katibi Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyunu və "Arsenal"ın oyunçusu H.Mxitaryanın Bakıya səfər etməməsinə dair açıqlama ilə çıxış edib.
Azvision.az xəbər verir ki, bununla bağlı sualı cavablandıran Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib:

“İlk növbədə vurğulamaq istərdim ki, Azərbaycan tərəfindən bu il mayın 29-da UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirak edəcək bütün oyunçuların, o cümlədən "Arsensal" futbol klubunun oyunçusu H.Mxitaryanın, eləcə də bütün pərəstişkarların təhlükəsizliyinin tam şəkildə təmin olunacağı barədə məlumat verilib.

Şəxsən XİN-in mətbuat katibi olaraq mən bu xüsusda ünvanlanan suallara cavab olaraq, Azərbaycanın idmanla siyasəti eyniləşdirmədiyini dəfələrlə qeyd etmişəm. Azərbaycan ilk dəfə deyil ki, mötəbər idman yarışlarına ev sahibliyi edir və paytaxtımızda indiyədək keçirilən çoxsaylı idman yarışlarında erməni əsilli idmançılar da iştirak ediblər.

Ermənistan XİN-in "Arsenal" futbol klubunun erməni əsilli oyunçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlaması, bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasət alətinə çevirmək cəhdlərindən xəbər verir. Ermənistan XİN-in belə bir oyunda iştirak etməsi yalnız təəssüf doğurur.

Əfsuslar olsun ki, bu addım Ermənistanın, Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında qeyd edildiyi kimi, xalqların sülhə hazırlanmasına hazır olmadığını aydın şəkildə nümayiş etdirdi. Təəssüf ki, Ermənistan "Arsenal"ın erməni əsilli oyunçusunu öz təxribatçı məqsədləri üçün istifadə edir. Bu, həm də onu nümayiş etdirdi ki, birinci növbədə Ermənistan xalqının sülhə hazırlanmağa ehtiyacı var. Ağlasığmaz və gülüncdür ki, Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirən, monoetnik ölkə olan Ermənistan Azərbaycanı rasizmdə ittiham edir. Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların sülh və tolerantlıq mühitində birgə yaşayışı bütün dünyaya yaxşı bəllidir.

UEFA-nın Avropa Liqasının final oyununun Bakıda yüksək səviyyədə təşkili, ölkəmizə səfər edən əcnəbilərin (istər futbol oyunçuları, istərsə də pərəstişkarlar olsun) Azərbaycandakı real vəziyyətlə yerindəcə tanış olmaları Ermənistan XİN-in əsassız iddialarının ən gözəl cavabı olacaq”.

Azvision.az


Teqlər: XİN   Arsenal   Ermənistan  





Xəbər lenti