Şəhid Adil Tatarovun il mərasimi keçirilib - FOTOLAR

Şəhid Adil Tatarovun il mərasimi keçirilib -    FOTOLAR
  22 May 2019    Oxunub:4509
Bir il əvvəl şanlı hərb tariximizə Günnüt zəfəri kimi yazılmış əməliyyat zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycan Ordusunun əsgəri Adil Əli oğlu Tatarovun doğulub boya-başa çatdığı Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində il mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin, Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, hərbi qulluqçuların, veteranların, rayon ictimaiyyətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.



Anım mərasimində çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, nazirliyin zabiti, polkovnik Abdulla Qurbani şəhidin valideynlərinə bir daha Müdafiə Nazirliyi rəhbərliyinin başsağlığını çatdırıb. A.Qurbani bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olmuş hərbi qulluqçu, əsgər Tatarov Adil Əli oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən uğrunda”, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə “Şücaətə görə” medalları ilə təltif olunub. Şəhidlik zirvəsini fəth edən digər igid oğullarımız kimi qəhrəman döyüşçü Adil Tatarovun da xatirəsi daim əziz tutulur, ehtiramla yad edilir.



Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusunun yalnız bir şəhid verdiyi ötən il mayın 20-27-də keçirilən Günnüt əməliyyatı 2016-cı ilin Aprel döyüşlərindən sonra ordumuzun ən uğurlu əməliyyatıdır. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi 26 illik işğaldan sonra azad edilib, Ağbulaq yüksəkliyi, Qızılqaya, Qaraqaya dağları, Dərələyəz mahalının Arpa kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində 11 min hektarlıq ərazi İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yolunun Azərbaycan Ordusunun nəzarətdə saxlamasına imkan verib. Bundan sonra ərazinin etibarlı müdafiəsi və təminat məqsədilə on kilometrlərlə yeni yol çəkilib, yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.



Mərasimdə vurğulanıb ki, Günnüt zəfəri Ermənistanda gözlənilməz şok effekti yaradıb, düşmənə fiziki və psixoloji zərbə vurub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ötən il keçirilən möhtəşəm hərbi paradda böyük iftixar hissi ilə qeyd edib: “Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur. Bir daha onu göstərdi ki, biz istənilən vəzifəni icra edə bilərik və icra edirik, böyük məharətlə və peşəkarlıqla”.



Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi ölkədə şəhid ailələrinin, müharibə veteranlarının və döyüşlərdə sağlamlığını itirmiş hərbi qulluqçuların hərtərəfli diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən, bir gün əvvəl müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə başlanan Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimlər barədə danışaraq bütün ağstafalıların da ordumuza dəstək nümayiş etdirdiklərini söyləyib. Qeyd olunub ki, təlimlərə 10 mindən çox şəxsi heyət, 150 tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunub. Bu təlimlər bir daha ordumuzun gücünü, qüdrətini, peşəkarlığını artırır və gələcək yeni-yeni uğurlara zəmin yaradır. Bütün xalqımız kimi hər bir ağstafalı da əmindir ki, işğal altında olan digər torpaqlarımız da tezliklə azad ediləcək və respublikamızın ərazi bütövlüyü bərpa olunacaq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı şəhidliyin müqəddəs bir zirvə olmasından, şəhidlərin ölməzliyindən bəhs edib. O, müqəddəs Ramazan ayına təsadüf edən mərasimin iştirakçılarına, şəhid ailələrinə səmimi arzularını çatdırıb. Ordu ilə xalqın mənəvi birliyindən danışan S.Salahlı xalqımızın bundan sonra da “Hər şey Ordu üçün, hər şey Qələbə üçün!” şüarına qoşulacağına və torpaqlarımızın işğalına son qoyulacağına ümidvar olduğunu bildirib.

Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli çıxışında şəhid ailələrinə, veteranlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Qıraq Kəsəmən kənd tam orta məktəbinin müəllimi Turan Yaqubəliyev sevimli şagirdi haqqında xatirələrini bölüşüb.

Hərbi qulluqçular Vüqar Allacov, Orxan Rüstəmov və şəhidin silahdaşlarından kapitan Emil Məmmədov Azərbaycan Ordusunun Ali Baş Komandanın hər bir əmrinə hazır olduğunu bəyan ediblər.

Şəhidin atası Əli Tatarov daim diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb, ailə üzvləri adından minnətdarlığını bildirib. Sonra mərasim iştirakçıları kənd qəbiristanlığına gedərək şəhidin məzarını ziyarət edib, məzarı önünə çələng və gül dəstələri qoyublar.

Şəhid Adil Tatarovun il mərasimi ilə bağlı ehsan süfrəsi açılıb, dualar oxunub, evində təşkil edilən xatirə guşəsinə baxış olub.

Azvision.az


Teqlər: Şəhid   Adil-Tatarov  





Xəbər lenti