“Yeganə yolumuz müharibədir, nəyi gözləyirik?” - Polkovnikdən çağırış

 “Yeganə yolumuz müharibədir, nəyi gözləyirik?” -  Polkovnikdən çağırış
  03 Sentyabr 2019    Oxunub:42180
“Son vaxtlar Ermənistanın hakim dairələrinin, sabiq prezidentlər də daxil olmaqla verdikləri bəyanatlar göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan danışıqlar gözdən pərdə asmaq məqsədi daşıyır”.
Bunu Azvision.az -a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O bildirib ki, ATƏT-in Minsk qrupu iflic vəziyyətə düşüb:

“ATƏT-in Minsk qrupunun işi Dağlıq Qarabağın işğalının müddətini uzatmaqdır. Çünki bu gün onların əldə etdiyi nəticə budur. İşğalçının niyyəti işğal müddətini uzatmaqdır. ATƏT-in Minsk qrupu da erməninin xeyrinə işləyir. Bundan sonra ATƏT-in Minsk qrupunun dediyi ilə oturub-dursaq daha 26 il keçməli olacaq. Ona görə Azərbaycan tərəfi yalnız konstruktiv mövqe ətrafında danışıqlar apara bilər. Bu olmadığı təqdirdə, “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın olmayacaq” kimi düşüncəyə sahib olan Ermənistan tərəfi ilə danışıq aparmalı deyil”.



Ş.Ramaldanov qeyd edib ki, hazırkı durumda işğala son qoymaq üçün Azərbaycanın yeganə yolu müharibədir: “Azərbaycan konkret antiterror əməliyyatı apararaq torpaqlarını işğaldan azad etməlidir. Çünki Azərbaycan üçün düşmən başqa bir yol qoymayıb. Ona görə də düşmən sülh danışıqlarını Dağlıq Qarabağın Azərbaycandan ayrılması ilə bağlayır. Belədirsə, danışıqlar nəyə lazımdır? Baş nazirləri Paşinyan deyir ki, “Dağlıq Qarabağ Azərbaycanın olmayacaq”. Keçmiş prezident Serj Sarkisyan da bunu təkrar edir. Belə çıxır ki, indiyə qədər Azərbaycanı aldadıblar və bu danışıqlarda beynəlxalq qurumların iştirakı da Ermənistana xidmət etməkdir. Haçansa zəif Ermənistan müəyyən bir şəkildə ordan-burdan silahlandırılır, Azərbaycan da öz hesabına silah alır. Burada nəticə odur ki, Rusiya və digər dövlətlərin hərbi sənayesi inkişaf edir. Ancaq münaqişənin həlli üçün bir faiz belə irəliləyiş yoxdur”.



Ehtiyatda olan polkovnik hesab edir ki, Azərbaycan artıq gözləmə mövqeyindən əl çəkməlidir: “Biz nəyi gözləyirik? Nə qədər gözləyəcəyik? Artıq Ermənistan tez-tez qeyd etdiyim fikirləri ifadə etməklə bizdə müəyyən bir şəkildə vərdiş yaratmaq istəyir ki, artıq Qarabağ Azərbaycanın deyil. Digər tərəfdən beynəlxalq qurumlarda bunu tez-tez səsləndirməklə onları da buna vərdiş etdirməyə çalışırlar. Biz isə bəyanat verərək oturub gözləyirik. Nəyi gözləyirik? Ya yumruğumuzu vurub, məsələni həll etməliyik, ya da başqa yol yoxdur. Bizim gücümüz də, iradəmiz də, silahımız da var. Biz birlikdə öz torpaqlarımızı işğalçıdan azad edərək qələbə bayrağını bərpa olunmuş sərhədlərimizdə sancmalıyıq. Başqa yolumuz yoxdur”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Qarabağ   Müharibə   Ramaldanov  





Xəbər lenti