“Azərbaycan Ordusu müharibəyə hazırdır” - Zakir Həsənov

  16 Sentyabr 2019    Oxunub : 16017
 “Azərbaycan Ordusu müharibəyə hazırdır” - Zakir Həsənov
“Azərbaycan Ordusu daim təlimlər keçir. Bunların hamısı müharibəyə hazırlıq məqsədi daşıyır”

Azvision.az xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Real TV”yə müsahibəsində deyib. Nazir vurğulayıb ki, Azərbaycan Ordusu hər dəqiqə müharibəyə hazır olmalıdır:
“Ordumuz öz müqəddəs borcunu yerinə yetirməyə, torpaqlarını işğaldan azad etməyə hazırlaşır, hazırdır və bunu arzulayır. Bizim şəxsi heyətin döyüş hazırlığının yüksək olmasının sübutu da var. 2016-cı ildə biz bunu sübut etdik”.

Z.Həsənov qeyd edib ki, düşmənlərimiz son zamanlar keçirilən beynəlxalq hərbi oyunlarda sonuncu yerləri tuturlar: “Bunu özləri də yazırlar ki, biabır olublar. Hər bir hərbi oyunda onlar biabır olurlar. Azərbaycan Ordusu isə belə yarışlarda daim yüksək yerlər tutur. Bu, ordumuzun nə dərəcədə böyük döyüş qabiliyyətinə malik olmasının göstəricisidir. Şəxsi heyətin yüksək səviyyədə döyüş hazırlığı, döyüş qabiliyyəti, ilk növbədə onların vətənpərvərliyindən asılıdır. Xüsusilə qeyd etmək istəyirəm ki, son illər şəxsi heyətin nizam-intizamı, ideoloji hazırlığı yüksək səviyyədədir. Azərbaycan xalqı öz Ordusunu sevir, ona güvənir və ona dəstək olur”.

Azvision.az


Teqlər: Zakir-Həsənov   Ordu