“Bakıda özümü evimdəki kimi hiss edirəm” - Xorvatiyalı səfir

 “Bakıda özümü evimdəki kimi hiss edirəm” -    Xorvatiyalı səfir
  24 Sentyabr 2019    Oxunub:4275
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Xorvatiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçin etimadnaməsini qəbul edib.
Azvision.az xəbər verir ki, səfir Branko Zebiç fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir dedi:

-Sabahınız xeyir, cənab Prezident. Adım Branko Zebiçdir. Xorvatiyanın səfiriyəm. Burada olmaq, etimadnaməni təqdim etmək və Sizin çox yaxşı tanıdığınız Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin salamlarını Sizə çatdırmaq mənim üçün şərəfdir.

Prezident İlham Əliyev:

-Mənim salamlarımı xanım Prezidentə çatdırmağınızı xahiş edirəm. Mən bizim görüşlərimizi, xüsusilə ötən il ölkənizə rəsmi səfərim zamanı keçirdiyimiz görüşü xatırlayıram. Apardığımız müzakirələr ölkələrimiz arasında tərəfdaşlığın inkişafına xidmət edir. Düşünürəm ki, biz bir sıra sahələri əhatə edən çox səmərəli əlaqələr qurmağa müvəffəq olmuşuq. Əlbəttə ki, xanım Prezidentin Azərbaycana rəsmi səfəri və mənim ölkənizə səfərim əməkdaşlığımızın çox mühüm nümunələridir. Əminəm ki, özünüzü Azərbaycanda evinizdəki kimi hiss edəcəksiniz, çünki ölkələrimiz arasındakı dostluq münasibətləri xalq diplomatiyasını da əhatə edir. Düşünürəm ki, son illərdə Xorvatiyada daha çox adam bizim barəmizdə məlumatlı olub və daha çox azərbaycanlı sizin ölkəniz barədə məlumat əldə edib. Bu səbəbdən də düşünürəm ki, Azərbaycanda bir neçə il fəaliyyət göstərmək çox xoş olacaq. Əminəm ki, siz ənənəvi sahələrdə əməkdaşlığımızın güclənməsinə, həmçinin tərəfdaşlığımızın yeni sahələrinin tapılmasına öz töhfənizi verəcəksiniz. Sizə ölkəmizdə xoş günlər və uğurlar arzulayıram.

Səfir Branko Zebiç:

-Təşəkkür edirəm. Mən özümü çox yaxşı və artıq evimdəki kimi hiss edirəm. Mən bundan əvvəl bir il müddətində müvəqqəti işlər vəkili işləmişəm. Siz Zaqrebə səfər edən zaman mən Azərbaycanda yaşamağa başladım. Mən Xorvatiya nümayəndə heyətinin tərkibində idim. Baş Nazir məni Sizə təqdim etdi və mənim burada səfir olacağıma dair söz verdi. Lakin bu, Xorvatiyada bir qədər vaxt tələb etdi. Prosedur belədir.

Prezident İlham Əliyev: Azərbaycanda yaxşı yerləşmisiniz?

Səfir Branko Zebiç: Bəli, yaxşı yerləşmişəm, özümü evimdəki kimi hiss edirəm. Siz qeyd etdiyiniz kimi, əməkdaşlığı gücləndirmək və genişləndirmək üçün çoxlu sahələr var. Söhbət təkcə iqtisadi əməkdaşlıqdan getmir. Bu sahədə işlər çox yaxşı gedir. Xorvatiyanın Azərbaycanda ilk daimi səfiri kimi mən xüsusilə xalqlar arasında əməkdaşlığı genişləndirmək istərdim.

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Xorvatiya Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.





Azvision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti