Bakı polisi qanunsuz aksiya ilə bağlı məlumat yaydı

 Bakı polisi qanunsuz aksiya ilə bağlı məlumat yaydı
  19 Oktyabr 2019    Oxunub:5534
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) qanunsuz aksiya ilə bağlı məlumat yayıb.

İdarədən Azvision.az -a daxil olan məlumatda bildirilib ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri 2019-cu il oktyabr ayının 19-da paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər.
Müraciətə baxılaraq "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın şəhərin mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazası təklif olunub. Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilib və onlar müəyyən edilməmiş yerlərdə keçiriləcək mitinqin qarşısının alınacağı, baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Bakı şəhər Baş Polis İdarəsi və Prokurorluğu tərəfindən rəsmi xəbərdar edilib.

Buna baxmayaraq, aksiyanın təşkilatçıları oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstəriblər.

Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb.

Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıblar.

Azvision.az


Teqlər: Polis   Mitinq  





Xəbər lenti