XİN rəhbəri yeni saziş barədə məlumat verdi

  07 Noyabr 2019    Oxunub : 638
XİN rəhbəri yeni saziş barədə məlumat verdi
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Litva Respublikası Seyminin Sədri Viktoras Prantskietisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
XİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşdə tərəflər ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Görüş zamanı ölkələrimiz arasında mövcud olan əməkdaşlıq yüksək qiymətləndirilib və iki ölkə arasında kənd təsərrüfatı, enerji, nəqliyyat, turizm, elm-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğu qeyd edilib. Eyni zamanda, parlamentlərarası diplomatiyanın əhəmiyyətinə toxunularaq, bu xüsusda parlamentarilər arasında mütəmadi təmasların vacibliyi vurğulanıb.

İkitərəfli formatla yanaşı, Azərbaycan və Litvanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı qeyd olunub.

Nazir Elmar Məmmədyarov qarşı tərəfə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri, müzakirə edilməkdə olan yeni Saziş, o cümlədən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində iştirak barədə məlumat verib.

Habelə tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

Azvision.az

Teqlər: XİN   Məmmədyarov