Gələn ilin büdcə layihəsi ikinci oxunuşda müzakirə edilib

   Gələn ilin büdcə layihəsi ikinci oxunuşda müzakirə edilib
  19 Noyabr 2019    Oxunub:1805
Bu gün Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Mədəniyyət komitələrinin birgə iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclası açan Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib.

Komitə sədri daha çox sosialyönümlülüyü ilə diqqət çəkən gələn ilin büdcə layihəsinin peşəkarlıqla hazırlandığını vurğulayıb. Bildirib ki, son illərdə aparılan islahatlar nəticəsində sosial sahəyə ayrılan vəsaitlərin məbləğinin artırılması, büdcənin əhalinin güzəranının yaxşılaşdırılmasına isiqamətləndirilməsi təqdirəlayiq haldır.
Sonra iclasda iştirak edən Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə çıxış edərək qeyd edib ki, büdcə layihəsi birinci oxunuşunda Milli Məclisin müzakirəsindən keçib və millət vəkilləri tərəfindən tutarlı təkliflər verilib.

Nazir müavini bu təkliflərin nəzərə alınacağını deyib və 2020-ci ilin büdcə parametrlərini yenidən səsləndirib. Qeyd olunub ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 135 milyon manat, xərcləri isə 26 milyard 914 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaqdır ki, bu da 2019 illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. İlqar Fətizadə yeni büdcə layihəsində sosial, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı üçün kifayət qədər vəsait ayrıldığını diqqətə çatdırıb.

Sonra Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli çıxış edərək yeni dövlət büdcəsi layihəsinin bütün sahələrdə olduğu kimi, ölkənin elm və təhsilinə də böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov gələn ilin dövlət büdcəsinin 5,1 faizinin səhiyyə sahəsinə ayrılmasını və gələn ilin büdcəsində icbari tibbi sığorta məsələsinə diqqətin artırılmasını humanist addım kimi dəyərləndirib və buna görə ölkə Prezidentinə təşəkkürünü bildirib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov da çıxışlarında büdcə layihəsinin təkmil bir şəkildə hazırlandığını vurğulayıblar. 2020-il büdcəsinin milli kinonun inkişafına və yeni filmlərin çəkilməsinə, xalqımızın milli-mənəvi dəyərlərini əks etdirən uşaqlar haqqında cizgi və reklam filmlərinin çəkilməsinə ayrılan vəsaitin artırılmasının vacib məsələ olduğunu qeyd ediblər.

Müzakirələrdə deputatlardan Məlahət İbrahimqızı, Qənirə Paşayeva, Asim Mollazadə, İlham Məmmədov, Rəşad Mahmudov, Novruzəli Aslanov çıxış edərək Aliment Fondunun yaradılması, kitabxana və kənd mədəniyyət evlərinin fəaliyyətinin yenilənməsi, kənd yerlərində yeni salınan yaşayış massivlərinin təbii qazla tam təmin olunması məsələlərinə diqqətin artırılması kimi fikirlər səsləndiriblər.

İclasda iştirak edən İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova çıxış edərək millət vəkillərini maraqlandıran məsələlərə aydınlıq gətirib.

Müzakirələrdən sonra 2020-ci il dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda plenar iclasa tövsiyə olunub.

Azvision.az


Teqlər: MilliMəclis   Büdcə   Komitə  





Xəbər lenti