“İşğalçının qapısına niyə getməliyik?” - Xocalının deputatı etiraz etdi

  27 Noyabr 2019    Oxunub : 2125
 “İşğalçının qapısına niyə getməliyik?” - Xocalının deputatı etiraz etdi
"İstəməzdim ki, Azərbaycan deputatları işğalçı Ermənistana səfər etsinlər. Belə bir təşəbbüs olsa, şəxsən mən dəstəkləmərəm və münasibətim də mənfi olar"

Bunu Azvision.az -a açıqlamasında Xocalının deputatı Elman Məmmədov Ermənistan və Azərbaycan parlament üzvlərinin qarşılıqlı səfəri ilə bağlı erməni KİV-lərində yayılan məlumata münasibət bildirərkən deyib.
E.Məmmədov vurğulayıb ki, qarşılıqlı səfərlər olsa, heç vaxt iştirak etməyəcək. Deputat fikirlərini belə əsaslandırıb: “Erməni jurnalist də, deputat da Azərbaycana həvəslə gələ bilər. Çünki torpaqlarımızı işğal ediblər, orada oturublar. Onlar hətta Azərbaycana gəzməyə gəlmək istəyirlər. Mən isə bunu qəbul etmirəm. Mənim doğulduğum ev xarabadır, işğal altındadır. İşğala, soyqırıma məruz qalmışam. Qanımı tökən, mənə qarşı soyqırım törədən, ərazimi işğal edən ölkəyə niyə getməliyəm? Gedib nə deyim? Deyim, niyə gəlmişəm, yaxşı etmisiniz, bundan da artığını edin?

Erməni üçün fərqi yoxdur, o, bura gəlib-getməyi özünə fəxr bilir. Səbəb odur ki, 20 fazi torpağımı işğal edib, soyqırım törədiblər. Onlar gəlib-gedə, kef də edə bilər. Bu, onlar üçün şansdır. Dünyaya bəyan edirlər ki, guya sülh istəyirlər. Bəs, biz Azərbaycan vətəndaşı olaraq ora hansı əqidə, fikir, mənəviyyat ilə gedək? Dağıdılmış evlərimizi görürük. Mən bunları qəbul edə bilmirəm, belə səfərlərin əleyhinəyəm”.

İşğala məruz qalan deputat bəyan edib ki, qarşılıqlı səfərlərə Aərbaycanın ərazi bütövlüyü təmin olunduqdan sonra razı olacaq.

“Azərbayacan Ordusu ərazi bütövlüyümüzü təmin edəndən sonra biz fikirləşə bilərik ki, Ermənistanla əməkdaşlıq, qonşuluq edək, ya yox? Amma bu gün mənim torpağımda ermənilər kef edir. Xeyirdimi onunla belə məqamda görüşüm? İşğalçının qapısına niyə getməliyik?”.

Qeyd edək ki, erməni KİV-lərinin yaydığı məlumata görə, Ermənistan və Azərbaycan deputatlarının qarşılıqlı səfərlərinin təşkili məsələsi müzakirə olunur. Bildirilib ki, deputatların səfəri Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərindən sonra humanitar tədbirlər kimi təşkil oluna bilər.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Elman-Məmmədov