Ombudsman silsilə tədbirlərdə iştirak edib

Ombudsman silsilə tədbirlərdə iştirak edib
  11 Dekabr 2019    Oxunub:1970
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Obyektiv” Milli Dəyərlərin təbliğinə dəstək İctimai Birliyi tərəfindən hazırlanmış “Ölüm hökmü-ömürlük cəza” sənədli filminin təqdimat mərasimi keçirilib.
Ombudsman Aparatından Azvision.az -a verilən məlumata görə, insan hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva çıxışında 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Tədbirin əhəmiyyətindən bəhs edən Ombudsman Ulu Öndər Heydər Əliyev tərəfindən ictimai həyatın bütün sahələrində olduğu kimi, insan hüquq və azadlıqlarının təmini, hüquq sisteminin təkmilləşdirilməsi, o cümlədən cəza-icra siyasəti sahəsində kompleks siyasətin əsasının qoyulduğunu diqqətə çatdırıb. Ümummilli Liderin humanizm siyasəti nəticəsində 128 nəfər barəsində ölüm hökmünün icrasına moratorium qoyulmasının, daha sonra bu cəza növünün ləğv edilməsinin önəmindən bəhs olunub. Bildirilib ki, bu qərarlar insana və onun hüquqlarına verilən dəyərin göstəricisidir.

Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət idarəçiliyinin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlərin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması və səmərəli idarəetmənin təşkili, çoxsaylı əfv təşəbbüsləri Ombudsman tərəfindən xüsusi diqqətə çatdırılıb.

Ombudsman hüquq pozmalarla bağlı səbəb və şəraitin öyrənilməsi, çəkindirici, preventiv tədbirlərin həyata keçirilməsi işinin genişləndirilməsini və bunun hər bir qurumun fəaliyyətində prioritet olmasını qeyd edib.

Ombudsman Səbinə Əliyeva çıxışının yekununda ictimai əhəmiyyət kəsb edən filmin hazırlanmasına dəstək vermiş hər kəsə təşəkkürünü bildirib, dövlət qurumlarını, vətəndaş cəmiyyəti təsisatlarını əməkdaşlığa dəvət edərək birgə görüləcək işlərin insan hüquqlarının etibarlı təmininə, ölkəmizdə həyata keçirilən islahatlara mühüm töhfə verəcəyini vurğulayıb.

Azvision.az


Teqlər: Ombudsman  





Xəbər lenti