Bakıda Beynəlxalq Miqrant Günü qeyd edilib - FOTOLAR

 Bakıda Beynəlxalq Miqrant Günü qeyd edilib -  FOTOLAR
  18 Dekabr 2019    Oxunub:5906
Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Miqrant Gününə həsr edilmiş tədbir keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə müxtəlif dövlət qurumları, xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlikləri, universitetlər, QHT-lər, həmçinin Birləşmiş Millətlər Təşkilatı agentliklərinin nümayəndələri iştirak ediblər.



Çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev bildirib ki, bu gün bütün dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan Respublikası regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir: “Son illər ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, respublikanın siyasi sabitliyi, eləcə də miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər nəticəsində Azərbaycan Respublikası əmək miqrasiyası baxımından təyinat ölkədən mənşə ölkəsinə çevrilib. Respublikamıza əmək fəaliyyəti ilə məşğul olmaq üçün gələn miqrantların hüquqlarının müdafiəsi ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Son illərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə miqrasiya, o cümlədən əmək miqrasiyası sahəsində qanunvericilikdə və siyasətdə bir sıra nəzərə çarpacaq islahatlar aparılıb. Həyata keçirilən islahatların əsas məqsədi miqrantların hüquqlarının tam təmin edilməsi və miqrasiyanın tənzimlənməsi zamanı meydana çıxa biləcək mümkün mənfi təsirlərin qarşısının alınmasıdır.”


BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev çıxışında ildən-ilə sayı artmaqda olan miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi baxımından 2000-ci ildən etibarən dekabrın 18-i dünyada qeyd olunan Beynəlxalq Miqrant Gününün mühüm əhəmiyyət daşıdığını qeyd edib: “Miqrantlar bugünkü dünya əhalisinin 270 milyonunu təmsil edir və bu say dünyanın müxtəlif guşələrində baş verən münaqişə, təbii fəlakətlər səbəbindən hər gün artır. Hər il biz bu gün 2000-ci ildən başlayaraq BMT tərəfindən təyin olunan və tanınan Miqrantlar Gününü qeyd edirik və bu gün biz miqrantların, eləcə də üzv ölkələrimizin səsini eşidirik və onların vahid səsi hamının rifahı naminə firavanlıq və idarə olunan miqrasiyanın vacibliyini deyir".



BMT-nin rezident əlaqələndiricisi Qulam İsakzai öz çıxışında vurğulayıb ki, 2000-ci ildən bəri yolda həyatını itirən miqrantlarn sayı 60000-i ötüb və bu insanlar da bizimlə eyni arzuları paylaşırdılar: "Təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya hər kəsin marağına xidmət edir. Dayanıqlı inkişaf Məqsədlərinin 10.7-ci çağırışı miqrantlara münasibərdə yol verilən bərabərsizliyin ləğvini hədəfləyir. Bu prinsip həmçinin Təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya Naminə Qlobal Razılıq sənədi ilə miqrasiya miqrasiya probleminin həllində, onların hüquqlarının qorunmasında dövlət, həmçini Azərbaycan tərəfindən qəbul edilib".

Rezident əlaqələndirici BMT-nin qurumları, xüsusilə də BMqT və BMT İnkişaf Proqramının bu sahədə Azərbaycan hökuməti ilə sıx əməkdaşlığına diqqət yetirərək, birgə icra olunan layihələr nəticəsində miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların artırıldığını vurğulayıb.



Tədbirdə çıxış edən Ombudsman Səbinə Əliyeva bildirib ki, müasir dövrdə regional və beynəlxalq miqyasda siyasi, iqtisadi, sosial, humanitar, mədəni və ekoloji proseslərə təsir göstərən amillərdən biri miqrasiyadır: "Bu həm də ölkələr üçün milli təhlükəsizlik məsələsidir. Ona görə də milli dövlətlər, regional təşkilatlar, beynəlxalq təsisatlar miqrasiya axınlarını daim diqqət mərkəzində saxlayır. Müvafiq istutsional mexanizmlər vasitəsilə prosesi tənzimləməyə, neqativ nəticələrə səbəb olan halları aradan qaldıraraq müsbət situasiya formalaşdırmağa çalışır. Bütün bu reallıqların fonunda mühüm aktuallığa malik olan məsələlərdın biri miqrantların hüquqlarının qorunmasıdır. Bir sıra ölkələrin nümunələrindən görünür ki, bəzi hallarda təhsil, səhiyyə və digər hüquqları pozulur. Bu kimi hallar humanizm prinsiplərinə zidd olmaqla yanaşı, beynəlxalq hüquq normalarına və BMT-nin müvafiq qərarlarına ziddir".

S.Əliyeva çıxışında vurğulayıb ki, Azərbaycanın bu sahədəki təcrübəsi müsbət nümunə kimi diqqəti cəlb edir: "Bunun nəticəsidir ki, Azərbaycana ildən ilə daha çox miqrant gəlir. Azərbaycanda həm beynəlxalq normalara, həm müvafiq konvensiyalara, həm də yerli QHT-lərlə sıx əməkdaşlıq çərçivəsində bu məsələlər tənzimlənir ki, bu hal müsbət nümunə kimi diqqəti cəlb edir".

Rəsmi çıxışlardan sonra Azərbaycan Türkiyə İş Adamları Birliyinin Rəhbəri Cemal Yangin, Azərbaycandakı özünün miqrant həyat təcrübəsi ilə tədbir iştirakçıları ilə bölüşüb.

Miqrasiya Gününə həsr olunmuş tədbirin rəsmi hissəsinin sonunda Beynəlxalq Miqrasiya Təşkilatının Qlobal Miqrasiya Filmləri Festivalının iştirakçısı olan və Myanmarlı yeniyetmə miqrantın həyatına həsr olunmuş “İtmiş Oğlan” adlı film nümayiş olunub.

Tədbirdə gedişində ölkədə və xaricdə yaşayan miqrantlara dair videoçarxlar və fotoşəkillər nümayiş olunub, iştirakçılara BMqT-nin politilen paketlərdən istifadədən imtina kapmaniyası çərçivəsində hazrılatdığı eklogi təmiz zənbillər hədiyyə olunub.





Elvin Abdulqədirov
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Miqrasiya-Günü  





Xəbər lenti